Tək yaşayanlar üçün hazırlanmış “Are You Dead?” (Öldünmü?) adlı mobil tətbiq qısa müddətdə Çin App Store-da ən çox satılan ödənişli tətbiqlərdən biri olub, ABŞ-da isə ilk sıralara yüksəlib.
Sherg.az xəbər verir ki, tətbiqin işləmə prinsipi sadədir: istifadəçi hər gün yaşıl düyməyə toxunaraq sağ olduğunu təsdiqləyir. Əgər iki gün ardıcıl giriş olmazsa, üçüncü gün əvvəlcədən təyin edilən təcili əlaqə şəxsinə avtomatik e-poçt göndərilir.
Çində təxminən 8 yuan (1,15 dollar) qiymətə satılan tətbiq, artan tənha yaşayış tendensiyası fonunda “rəqəmsal təhlükəsizlik şəbəkəsi” kimi dəyərləndirilir. 2030-cu ilə qədər Çində tək nəfərlik evlərin sayının 200 milyona çatacağı gözlənilir.
Bəzi mağazalarda Demumu adı ilə yer alan tətbiq təkcə yaşlılar üçün deyil, ailəsindən uzaqda yaşayan tələbələr və tək yaşayan ofis işçiləri üçün də nəzərdə tutulub. Sosial şəbəkələrdə tətbiqin adı birmənalı qarşılanmasa da, sadəliyi və funksionallığı maraq doğurur. Gənc, üç nəfərlik komanda tərəfindən hazırlanmış tətbiqin adının gələcəkdə dəyişdirilə biləcəyi də bildirilir.