Qaşınmaq üçün çubuqdan istifadə edən inək elm dünyasını ŞOKA SALDI - FOTO

Avstriyada Veronika adlı bir inəyin davranışı heyvanlar aləmi ilə bağlı mövcud təsəvvürləri yenidən gündəmə gətirib. Qaşınan yerlərini qaşımaq üçün ağzında çubuq saxlayan Veronika, alimlər tərəfindən heyvanlarda nadir rast gəlinən çevik alət istifadəsi nümunəsi kimi qiymətləndirilir.

Sherg.az xəbər verir ki, bu qeyri-adi davranış "Current Biology" elmi jurnalında dərc olunan məqalə ilə rəsmi şəkildə sənədləşdirilib və tarixdə inəklərdə alət istifadəsini təsvir edən ilk elmi araşdırma kimi qeydə alınıb.

Qarla örtülü dağlar və buzlaq gölləri ilə əhatələnmiş Avstriyanın sakit bir kəndində yaşayan Veronika adi heyvanı deyil. O, ailə tərəfindən ev heyvanı kimi saxlanılır və günlərini geniş, təbii otlaqlarda sərbəst şəkildə keçirir. Qaşınma hiss etdikdə isə, tapdığı taxta çubuqları ustalıqla istifadə edərək bədəninin müxtəlif hissələrini qaşıyır.

Araşdırmalar göstərir ki, Veronika təkcə çubuqdan istifadə etmir, həm də vəziyyətə uyğun seçim edir. Sırtındakı qalın dəri üçün süpürgənin sərt, tüklü hissəsindən, qarın və məmə nahiyəsi kimi daha həssas bölgələr üçün isə taxta sapdan istifadə edir. Alimlərin fikrincə, bu davranış məqsədli seçim və vəziyyətə uyğun uyğunlaşma bacarığını nümayiş etdirir.

Vyana Baytarlıq Universitetinin tədqiqatçısı, bioloq Alice Auersperg bildirir ki, inəklər adətən zəka baxımından aşağı qiymətləndirilsə də, Veronikanın davranışı bu stereotipləri şübhə altına alır. Onun sözlərinə görə, məsələ inəklərin qeyri-adi dərəcədə ağıllı olması deyil, əksinə, çoxunun öz idrak qabiliyyətlərini bacarıqlarını nümayiş etdirmək üçün uyğun şərait tapmamasıdır.

Araşdırmanın başlanğıcı isə təsadüfi olub. Bir film rejissorunun Veronikanın köhnə bir alətlə özünü qaşıdığını lentə alması alimlərin diqqətini cəlb edib. Sonrakı müşahidələr zamanı müəyyən edilib ki, inək süpürgəni dəfələrlə, məqsədli şəkildə istifadə edir. Bir neçə gün ərzində aparılan sınaqlarda Veronikanın alətdən 70-dən çox dəfə faydalandığı qeydə alınıb.

Alimlər hesab edirlər ki, bu davranış xüsusilə yay aylarında at milçəklərinin dişləməsi nəticəsində yaranan qaşınma və narahatlığı azaltmaq məqsədi daşıyır. Lakin əsas diqqət çəkən məqam, inəyin problemi həll etmək üçün yeni üsul tapmasıdır.

Almaniyadakı Fermer Heyvanları Biologiyası Araşdırma İnstitutunun mütəxəssisi Kristian Navrot isə bu nümunənin heyvanlarda alət istifadəsinin açıq göstəricisi olduğunu vurğulayır. Onun fikrincə, bu tədqiqat insanların fermer heyvanlarına münasibətini yenidən düşünməsinə səbəb ola bilər: “Biz bu heyvanların hisslərinin və mürəkkəb davranışlarının olduğunu bilirik. Amma onların bacardıqları ilə bizim onlardan gözlədiklərimiz arasında hələ də böyük fərq var.”

Hazırda 13 yaşında olan Veronika artıq təkcə bir inək deyil, həm də elmi müzakirələrin mərkəzində olan simvoldur. Onun hekayəsi göstərir ki, uyğun mühit və stimul yaradıldıqda, fermer heyvanları da düşündüyümüzdən qat-qat daha mürəkkəb və ağıllı davranışlar nümayiş etdirə bilər.