Türkiyənin övladlığa uşaq götürən ilk subay atası! - MARAQLI HEKAYƏDİR

Türkiyədə subay bir kişinin uşaq övladlığa götürməsi olduqca nadir haldır. Halbuki Serkan Özübek üçün bu nə bir meydan oxuma, nə də qəhrəmanlıq hekayəsidir. Onun yolçuluğu bir uşağın əlindən tutub həyatı birlikdə öyrənməyin özüdür. Sherg.az xəbər verir ki, “Qəlbdən Ata” kimi tanınan Serkan Özübek, övladlığa götürmə prosesini, tək valideyn olmağın çətinliklərini və oğlu ilə qurduğu bağı bütün səmimiyyəti ilə Milliyet.com.tr-yə danışıb.

Həyat hekayəsi

Ordu şəhərindən İstanbula köç etmiş böyük bir ailənin ən kiçik üzvü olaraq dünyaya gələn Serkan Özübek (51) ibtidai və orta təhsilini dövlət məktəblərində aldıqdan sonra Şişli Terakki Liseyini bitirib. Yıldız Texniki Universitetinin Maşın Mühəndisliyi ixtisası üzrə bakalavr və magistr təhsilini tamamlayan Serkan, 1997-ci ildən etibarən özəl sektorda çalışır. Həyatı uzun illər planlı və nizamlı şəkildə davam edərkən, yaxın bir dostunun subay qadın kimi övladlığa götürmə prosesinə başlayıb uşağına qovuşması onun zehnində bir qığılcım yaradıb.

Bu ana-uşaq münasibətini yaxından izlədikcə fikir daha da möhkəmlənib. “O gözəl valideynlik halını gördükcə, bu düşüncənin içimdə böyüdüyünü anladım,” - deyən Serkanın yolu həmin dövrdə KALBEN Dərnəyi ilə kəsişib. Dərnəyin qurucusu Pelin Çalışkanoğlu Ekşi ilə tanışlığı onu sadəcə müraciətçi olmaqdan çıxarıb. KALBEN Dərnəyinin qurucu üzvləri sırasında yer alıb, dövlət himayəsində olan uşaqlar üçün layihələrdə fəal iştirak edib. Uşaqlarla təmas etdikcə, oyunlar oynadıqca, söhbətlər etdikcə fikri daha da aydınlaşıb:

“Bu uşaqlardan birinin atası olmalıyam.”

“Ya məni sevməsə, ya anlaşa bilməsək deyə narahat idim”

Bu mövzuda ilk olmağın həm qürur, həm də bir qədər təəccüb və hətta kədər yaratdığını deyən Serkan bildirir:

“2016-cı ildə müraciət etdim, 2017-ci ildə müraciətim təsdiqləndi, 2018-ci ilin sonlarında oğluma qovuşdum. 2002-ci ildə Mülki Məcəllədə dəyişiklik edilib və subay qadınlara və kişilərə də övladlığa götürmə hüququ tanınıb. Aradan keçən 16 ildə ilk olmaq əslində çox da qürurlanacaq bir şey kimi gəlmir. Qərarı versəm də, müraciət etməyə cəsarət edə bilmirdim. Hər gecə düşünürdüm: bacararammı, ya məni sevməsə, maddi imkanım yetərmi?”

May ayında şirkət sahibinin (eyni zamanda dostunun) “Onsuz da müraciət edəcəksən, özünə əziyyət vermə, get müraciət et, nə olacaqsa olsun” deməsi ilə qərarını sürətləndirib. Ən böyük qorxusunun müraciətin təsdiqlənməməsi olduğunu deyən Serkan “Sınaqdan keçirmədən vaz keçmə” sözünün gücünü vurğulayır.

“Kişilərin özlərinə belə baxa bilməyəcəyinə dair ön mühakimə var”

Özünü nizamlı, intizamlı, məntiqli və uşaqlarla yaxşı anlaşan biri kimi xarakterizə edən Serkan deyir ki, ətrafındakıların dəstəyi böyük olub: iş yoldaşları, dostları və ailəsi. Prosedurlar zamanı ailə dəstəyinin xüsusilə araşdırıldığını vurğulayaraq sosial xidmət əməkdaşlarına təşəkkür edir.

Cəmiyyətdə kişilərə dair ön mühakimələrə toxunan Serkan qeyd edir ki, atahökmlü cəmiyyətdə oğlan uşaqlarının ev işlərindən kənarda qalması bu təsəvvürü gücləndirir. Öz ailəsində isə bunun əksini gördüyünü, atasının ev işlərində fəal olduğunu söyləyir.

“Subay kişi olduğum üçün əlavə prosedurlar oldu”

Gündəlik həyatda daha çox təqdirlə qarşılaşdığını bildirən Serkan rəsmi prosedurlarda isə subay kişi olduğu üçün daha çox yoxlamadan keçdiyini deyir. Hətta anasının evinə belə sosial xidmət mütəxəssislərinin getdiyini, bunun ailə dəstəyini yoxlamaq məqsədi daşıdığını qeyd edir.

Övladlığa götürmə prosesində gözləməyin ən çətin mərhələ olduğunu, təxminən 1,5 il növbə gözlədiyini deyən Serkan, ən gərgin mərhələnin Ruh və Sinir Xəstəlikləri Xəstəxanasındakı heyət qarşısında keçirilən yoxlamalar olduğunu vurğulayır.

“Atalıqdan çox, tək valideynlik çətindir”

“Atalıq sözlə anlatılmaz, yaşanır” deyən Serkan bunun həm maddi, həm də mənəvi baxımdan çətin, amma dəyərli olduğunu bildirir. Bütün məsuliyyətin tək valideynin üzərində olduğunu vurğulayaraq, çətinliyin əsasən tək valideyn olmaqdan qaynaqlandığını deyir.

“İlk gəldiyi gündən ona nağıl danışarkən hekayəmizi də danışıram”

Övladlığa götürmənin gizlədilməməli olduğunu deyən Serkan, mütəxəssislərin uşağa bu həqiqətin 6–7 yaşına qədər deyilməsini tövsiyə etdiyini xatırladır. O isə ilk gündən etibarən oğluna bu hekayəni nağıl dili ilə danışdığını bildirir. Uşaq böyüdükcə mövzu daha ciddi şəkildə izah olunub və heç bir problem yaşanmayıb.

Fiziki zoraklığa qarşı uşağın erkən yaşdan məlumatlı olmasının onu daha güclü edəcəyini deyən Serkan bütün valideynləri uşaqlara fərqli ailə modellərinin normal olduğunu anlatmağa çağırır.

“Bütün subay atalar -hamımız qürur duyaq”

Gələcəkdə oğlunun həm özü, həm də atası ilə qürur duymasını istədiyini deyən Serkan sözlərini belə tamamlayır:

“Övladlığa götürmüş, qoruyucu ailə olmuş, boşanmış və ya həyat yoldaşını itirmiş bütün subay atalara səslənirəm: hamımız qürur duyaq. Əlimizdən gələni edək. Amma öyrənməyin və özünü inkişaf etdirməyin sonu yoxdur.”

Qalereya