Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Xırdalan şəhərində vətəndaşları qəbul edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, qəbuldan əvvəl Adil Kərimli və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli liderin Xırdalan şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Vətəndaşlar, əsasən, mədəniyyət sahəsi ilə təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.