İncəsənət bütün insanları biləşdirən ifadə vasitəsidir -FOTOLAR

Məhərrəm Əli: “Müasir dövr təsviri sənətimiz dövlətimizin dəstəyilə Azərbaycanın mədəni şöhrətini bütün dünyaya yayır”

Bir müddət öncə Bakının mərkəzində fəaliyyətə başlayan, açılışında ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın da iştirak etdikləri Crescent Mall-da çoxşahəli ticarət şəbəkəsi, ictimai iaşə obyektləri, 140 dildə yazılı, Azərbaycan, rus, ingilis dillərində isə şifahi məlumat verə bilən “Leyli” süni intellekt bələdçisindən əlavə, maraq doğuran digər məqam yuxarı açıq məkana qalxan hissədəki böyük sütunda yaradılmış Azərbaycanın mədəni irsinə istinadlı, milli elementlərdən ibarət incəsənət nümunəsi oldu. Və şübhəsiz ki, həmin gün və sonradan bura üz tutan sakinlər müxtəlif çeşidli geyim ləvazimatları, akssesuarlar, dadlı təamlarla yanaşı, bu sənət əsərindən də bəhrələnməkdədirlər. 

Əlbəttə, söhbət Crescent Mall-un daxilində mərkəzdə yerləşən çoxmərtəbəli sütun üzərində dizayn edilmiş və milli elementləri özündə əks etdirən “Həyat Ağacı” adlı divar rəsmindən gedir. Ölkəmizin, xalqımızın mədəni irsinə və tarixinə dayanan ornamentlərlə zənginləşdirilimiş bu dayaq-müstəviyə Ağac, Nar və Şah Abbas kimi milli elementlər həkk edilmişdir. Divar rəsmində təsvir edilən naxışlar və formalar sanki orta əsrin milli xalçalarından birbaşa sütüna köçmüş həyat və birlik simvoludur. Quş elementi qədim nağıl və dastanlarımızın simvolik motivlərinə malikdir. Milli ornamentlər və quşlar ilə zaman dinamikasında bir araya gələn “Həyat Ağacı” isə sürətlə inkşaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə cəmləyən Azərbaycan xalqının ifadəsidir.
Ticarət mərkəzindəki divar rəsmlərinə çoxlu sayda tamaşaçı heyranlıqla baxdı, bəlkə də əksəriyyət bütün bunların gənc rəssam Məhərrəm Əli tərəfindən ərsəyə gətirildiyinin fərqinə varmadı. 

Biz isə dünyaya rəng salmış klassik boyakarlığımızın fonunda ənənə ilə müasirliyi qovuşduran divar rəsmlərinin cazibəsində istedadlı sənət adamı ilə görüşüb həmsöhbət olduq. Müəllif təvazökarcasına söylədi ki, Crescent Mall-un interyerindəki çalışmaları indiyə qədərki fəaliyyətinin davamıdır:

 “Bu günədək divar rəsmləri silsiləsindən çoxsaylı əsərlərimizi – Balaxanıda, İçərişəhərdə, Bəşir Səfəroğlu, Əlövsət Quliyev küçələrində və digər yerlərdəki əl işlərimizi görüb-bəyənənlərdən zaman-zaman belə təkliflər, dəvətlər gəlir. Ticarət mərkəzindəki layihə də bir neçə dəfə dəyişildi və nəhayət “Həyat Ağacı” üzərində dayanıldı. Hesab edirəm ki, pis alınmayıb, milli-mənəvi aurasından başqa, estetik görünüşü, fəlsəfi mesajları ilə də maraq doğurur. Bu işdə mənə dəstək olan rəhbərliyə və həkarlarıma da minnətdarlığımı bildirirəm!”

Məhərrəm Əli deyir ki, cənab Prezidentin gəncləri və ümumiyyələ sənət adamlarını ətrafına toplayaraq fikirlərini dinləməsi, yeni layihələrin həyata keçirilməsi barədə göstərişlərlər verməsi yaradıcı gəncliyə olan diqqət və qayğının bariz nümunəsidir: 
“Təkcə Heydər Əliyev fondunun təşəbbüsü ilə hər il yüzlərlə sərgilər təşkil olunur. Yerli və beynəlxalq simpoziumlar keçirilir. İstedadlı gənc rəssamların sənət əsərləri dünya şöhrətli qalareyalarda sərgilənir. Dünyada hər bir ölkə, xalq öz mədəniyyəti və incəsənəti ilə tanınır. İncəsənət dil, din, irq, millət ayrıseçkiliyi olmadan bütün insanları bir araya gətirən, sosiallaşdıran ifadə vasitəsidir. Odlar yurdunda incəsənətin tarixi eramızdan əvvəlki minilliklərə söykənir. Qobustanda qaya üzərindəki insan təsvirlərindən tutmuş, yaşı yüz illərlə ölçülən qədim xalçalarımız mədəni irsimizin taxiriliyini, milli kimliyimizin orijinallığını qürurla əks etdirir. Müasir dövr təsviri sənətimiz dövlətimizin dəstəyilə Azərbaycanın mədəni şöhrətini bütün dünyaya yayır”.

Bəs niyə daha çox Street art? Müsahibim əlavə edir ki, rəssamlar cəmiyyətin önəmli və həssas təbəqəsidir: 
“Sadə dildə izah etsəm geyindiyimiz paltardan tutmuş, yaşadığımız evlərə, istifadə etdiyimiz minik avtomobilləri, gündəlik məşiət əşyaları bir sözlə bizi əhatə edən bütün maddi aləmdə rəssamların vacib əməyi var. Konseptual xalçaçı rəssam və Street art rəssamı kimi istər öz yaradıcılığımda, istərsə də şəhərin mərkəzi küçələrindəki divar rəsmlərində klassik və müasir incəsənəti üz-üzə qoyub məni narahat edən suallara cavab tapmağa çalışıram. Yaradıcılıq - olan və yaxud olmayan bir şeyi fərqli, fərdi tərzdə ifadə edə bilmək bacarığıdır”.

Xatırladaq ki, Əliyev Məhərrəm Cəfərsadıx oğlu 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya göz açıb. Uşaqlıqdan sehrinə düşdüyü rənglər aləmində öz kiçik palitrasını yaradıb, daim yaradıcı hiss və duyğularla böyük sənətə can atıb. Elə bu arzularla da rəssam olmağı qərarlaşdırıb, orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına təqdim edib. 2012-2016-cı illərdə bu təhsil ocağında tanınmış müəllimlərdən, sənət ustadlarından dərs alıb. 2020-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2013-2017-ci illərdə “Xeyirə Vəsilə” layihəsinin 5 sərgisində, 2018-ci ildə Kastamonu-Bakı dostluq sərgisində, 2021-də “Naxçıvan - bəşəriyyətin beşiyi”  simpoziumunda, “Art Zone Qəbələ”, “Atr Zone Masallı”, “Art Zone Tovuz” (2022) sərgilərində, “Müharibə uşaqlarına xeyriyyə yardımı”, Özbəkistan və Azərbaycan Prezidentlərinin də qatıldığı Xivə və Daşkənd şəhərlərində keçirilən “Özbəkistan Azərbaycan rəssamlarının gözü ilə” simpoziumunda, Karvan art qrupun Heydər Əliyev ili çərçivəsində “Qarabağ” (2023) sərgisində “Muzey mərkəzi Şuşa”, "İrsin izi ilə", "Qarabağ" (2024)  art simpoziumlarda uğurla iştirak edib.

Qurban CƏBRAYIL,
“Mədəniyyət” jurnalının redaktoru