- Azərbaycanda da belə təşəbbüslərin genişlənməsi cəmiyyətin intellektual inkişafına müsbət təsir göstərə bilər
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı Dəmiryol Vağzalında "Kitab Dayanacağı" layihəsinə start verib. Bu barədə ADY məlumat yayıb. Məlumata görə, layihə sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı, faydalı və mənalı keçirməsi məqsədilə həyata keçirilir.
Bildirilib ki, Bakı Dəmiryol Vağzalının gözləmə zalında fəaliyyət göstərən "Kitab Dayanacağı"nda müxtəlif dillərdə və janrlarda təqdim olunan kitablardan qeydiyyat və ödəniş etmədən istifadə etmək mümkündür. Sərnişinlər kitabı gözləmə zalında və ya səfər zamanı oxuya, daha sonra isə digər oxucuların da faydalanması üçün onu yenidən "Kitab Dayanacağı"na və ya qatar bələdçisinə təhvil verə bilərlər. ADY oxucuları layihəyə töhfə verməyə dəvət edib. Belə ki, vətəndaşlar oxuduqları və başqalarına tövsiyə etdikləri kitabları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təhvil verməklə və ya qurumla birbaşa əlaqə saxlayaraq layihəyə əlavə edə bilərlər. Qurum kitabların hər kəs üçün nəzərdə tutulduğunu vurğulayaraq, sərnişinləri onlara qayğı ilə yanaşmağa və növbəti oxucular üçün qoruyub saxlamağa çağırıb.
“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Sherg.az-a bildirib ki, Dəmiryol Vağzalında “Kitab Dayanacağı” kimi layihənin həyata keçirilməsi həm maarifləndirici, həm də sosial baxımdan olduqca vacib təşəbbüsdür: 
“Dəmiryol Vağzalında belə bir layihənin həyata keçirilməsi təqdirəlayiqdir. Bu, çox müsbət və faydalı addımdır. Dünyanın bir çox ölkəsində ictimai məkanlarda kitab guşələrinin yaradılması insanların mütaliəyə marağının artırılması baxımından uğurlu nəticələr verir. Azərbaycanda da belə təşəbbüslərin genişlənməsi cəmiyyətin intellektual inkişafına müsbət təsir göstərə bilər.
İnsanlar gündəlik həyatın sürətli ritmi səbəbindən bəzən kitaba vaxt ayırmaqda çətinlik çəkirlər. Vağzal kimi insanların daha çox gözləmə vaxtı keçirdiyi məkanlarda kitabların əlçatan olması mütaliənin təşviqi baxımından çox önəmlidir. Bu, xüsusilə gənclərin və uşaqların kitaba marağının formalaşmasına stimul verə bilər”.
Ş. Xuduoğlu qeyd edib ki, belə layihələrin uğuru və uzunömürlü olması cəmiyyətin münasibətindən asılıdır: “Layihənin keyfiyyəti və davamlılığı da məhz onun uzunömürlü olması ilə ölçüləcək. Əgər insanlar kitablara qayğı ilə yanaşsa, oxuduqları kitabları geri qaytarsa və layihəyə yeni kitablarla dəstək versə, “Kitab Dayanacağı” uzun müddət fəaliyyət göstərə bilər. Çox istərdim ki, bu təşəbbüs təkcə Bakı Dəmiryol Vağzalı ilə məhdudlaşmasın. Gələcəkdə digər vağzallarda, metro stansiyalarında, hava limanlarında və müxtəlif ictimai məkanlarda da oxşar layihələr həyata keçirilsin. Çünki kitab oxuyan cəmiyyət həm düşüncə, həm də mədəniyyət baxımından daha güclü olur.”