Müşfiq Ələsgərli: "Sərəncamın icrası ilə Azərbaycanda insan alverinə qarşı effektiv mübarizə qurmaq olacaq"
Mətbuat Şurasına insan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə maarifləndirici materialların hazırlanması və yayımlanmasında iştirak etmək tövsiyə olunub.
Bu qərar Prezident İlham Əliyevin sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Həmçinin Mətbuat Şurasına kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının mütəmadi monitorinqini aparmaqla, insan alverinin bütün formaları ilə bağlı ola bilən şübhəli halların mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlər görülməsi də tapşırılıb.
MŞ-ə verilən səlahiyyətlərlə bağlı "Şərq"ə açıqlama verən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən Milli Fəaliyyət Planını yüksək qiymətləndirib:
"Cənab Prezident bu sərəncamla Mətbuat Şurası üzərinə yeni öhdəlik qoyur, ona bu məsuliyyətli işdə etimad göstərir. Bu, son bir ay müddətində cənab Prezident tərəfindən imzalanan 3-cü sərəncamdır ki, həmin ayrı-ayrı sərəncamlarda Mətbuat Şurasına müxtəlif tədbirlərin təşkili üçün etimad gösrətilir. Göstərdiyi etimada görə Prezidentə təşəkkür edirik”.
İnsan alverinin müasir dünyanın trend problemləri sırasında ilk yerlərdən birində olduğunu vurğulayan "JuHİ" sədrinin sözlərinə görə, dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunur: "İllik dövriyyəsi təqribən 9.5 milyard dollarla ifadə olunur. "Gəlirli” sahə hesab olunduğundan oraya üz tutan cinayətkarların da, həmçinin, qurbanların da sayı getdikcə çoxalır. BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 40,3 milyon insan alverin qurbanları siyahısındadır. İnsan alverinin növləri müxtəlif olduğu kimi (məcburi əməyə cəlb etmə, əməyin istismarı, azyaşlı uşaqların satılması, qadın alveri və sair), bu sahədə törədilən cinayətlərin metodları da fərqlidir. Təhlillər göstərir ki, insanların bir qismi məcburiyyətlə, zorakılıqla insan alverinin predmetinə çevrilirsə, digər qismi aldatma yolu ilə, bilgisizlikdən cinayətkarların toruna düşmüş olurlar. Ehtimal olunur ki, geniş maarifləndirmə, məlumatlandırma işi aparmaqla, insan alverinin qurbanlarının sayını azaltmaq mümkündür".
M.Ələsgərlinin sözlərinə görə, Milli Fəaliyyət Planında Mətbuat Şurasına insan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə tədris-metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanmasının, yayımlanmasının həvalə edilməsi məntiqli, müdrik qərardır:
"Belə ki, beynəlxalq ekspertlər insan alverinə qarşı mübarizədə maarifləndirmənin, məlumatlandırmanın rolunu yüksək qiymətləndirirlər. Prezident sərəncamında da MŞ-yə tövsiyə edilir ki, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının mütəmadi monitorinqini aparsın, maarifləndirmə, məlumatlandırma işini koordinasiya etsin. Hesab edirik ki, sərəncamın icrası ilə Azərbaycanda insan alverinə qarşı effektiv mübarizə qurmaq olacaq".