Media daha məsuliyyətli, daha obyektiv olmalıdır

Etimad, güvən jurnalistlərin üzərinə həm də vəzifə qoyur

Azər Həsrət: "Peşəkar jurnalistika ümumilikdə medianın keyfiyyətinin yüksəldilməsinin qayğısına qalmalıdır. Biz jurnalistlərin dövlət başçısını yanıltmaq haqqımız yoxdur"

Fikir, söz azadlığı, plüralizmin inkişaf etdirilməsi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verdi. İlk növbədə bunu qeyd etməliyik ki, cənab Prezident mediaya həmişə açıq olub. Jurnalistləri özünün yaxın dostu hesab etdiyini dəfələrlə vurğulayıb. Bəzi məlumatları məhz mediadan aldığını, orada göstərilən faktların araşdırılması üçün göstərişlər verdiyini vurğulayıb. Cənab Prezident medianın ictimai nəzarət funksiyasını hər zaman yüksək qiymətləndirib. Bu, dövlət başçısının ümumilikdə mediaya, xəbər yayımçılarına inamının, onlara verdiyi dəyərin göstəricisidir. Dövlət başçısı yerli media subyektləri ilə yanaşı, xarici media nümayəndələrinə qarşı da hər zaman diqqət nümayiş etdirir. 44 günlük Vətən müharibəsində cənab Prezident 10-larla xarici media quruluşuna, xarici jurnalistlərə müsahibələr verdi, baş verən hadisələri ən müfəssəl şəkildə izah etdi, dövlətin mövqeyini bəyan etdi. Jurnalistlərlə dünənki təmas isə dövlət başçısının yerli media nümayəndələrinə inamını bir daha sübut etdi. 

Bu həm də dövlət başçısının ölkə mediasından gözləntilərinin böyük olduğunu göstərdi. Kadr islahatlarından, bəzi hallarda məmur özbaşınalığı, qanun pozuntuları, korrupsiya hallarından danışan Prezident bir daha vurğuladı ki, bu məsələlərin işıqlandırılmasında medianın üzərinə böyük məsuliyyət düşür: “Biz cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”. 

Bundan əvvəl də cənab Prezident baş verən korrupsiya halları, məmur özbaşınalıqları haqqında, həm də mediadan məlumat əldə etdiyini bildirib. Bu onu göstərir ki, media dövlət başçısının, belə ifadə etmək mümkünsə, etibarlı dostudur. Prezident mediaya güvənirsə, media bu güvənin sarsılmamasına çalışmalıdır. Bunun üçün nə edilməlidir? 

Əməkdar jurnalist Azər Həsrət “Şərq”ə açıqlamasında qeyd etdi ki, dövlət başçısı jurnalistlərə inamını ifadə edib etimad göstərdiyini deyirsə, bizim məsuliyyətsiz davranmağa haqqımız çatmır: 

- İlk dəfə deyil ki, cənab Prezident mediaya inamını ifadə edir. Xatırlayırsınızsa, bir neçə il əvvəl Mətbuat Şurası İdarə Heyətinin üzvləri, jurnalistlərlə görüşü zamanı da Prezident bu fikri vurğulamışdı. Təxminən belə demişdi ki, bəzən məmurlar hansısa məlumatı gizlədir, gizlətdikləri məlumatı o, mətbuatdan alır, mətbuatdan xəbər tutur və ölçü götürülür. Bu, mətbuatın daha məsuliyyətli olmasına dövlət başçısı tərəfindən, əlbəttə bir çağırış idi. Gəlirəm, sizin sualınıza. Prezidentin mediaya etibar etməsi, etimad göstərməsi jurnalistlərin üzərinə vəzifə qoyur: daha məsuliyyətli, daha dürüst, daha obyektiv olmaq. Artıq elə bir dövrdür ki, jurnalistika hamı üçün açıq müstəviyə çevrilib. Ona görə də bu sahədə təsadüfi adamlar da var. Sui-istifadə hallarına da yol verilir. Söz azadlığını bəhanə edib dövlət mənafeyinə zidd informasiyaların yayılmasına çalışırlar. Belə şəraitdə peşəkar jurnalistika ümumilikdə medianın keyfiyyətinin yüksəldilməsinin qayğısına qalmalıdır. Biz jurnalistlərin dövlət başçısını yanıltmaq haqqımız yoxdur. Bir halda ki, dövlət başçısı bəzi məlumatların əldə edilməsində, hansısa məlumatların yoxlanmasında mediaya istinad edir, mediaya güvənir, jurnalistlər də çalışmalıdır məlumatları daha dəqiq araşdırsınlar, daha tutarlı, etibarlı mənbələrə istinad edərək və obyektiv şəkildə işıqlandırsınlar, tirajlasınlar. Həmçinin qanunlar çərçivəsində çalışsınlar, fəaliyyət göstərsinlər. Dövlət başçısını, ictimaiyyəti yanıltmaq istəyən, buna cəhd edənlərin səylərini boşa çıxarsınlar. 

  Məmurlar tərəfindən məlumatların gizlədilməsinə, ört-basdır edilməsinə, məhz dövlət mənafeyi naminə imkan verməsinlər. Biz jurnalistlərdən dövlət başçısının gözlədiyi budur.