Gənclərin televiziya izləmə həvəsi 2 qat azalıb

İnsanlar gün ərzində ortalama 4 saat 47 dəqiqə internetdə “əyləşir”

  Türkiyə RadioTeleviziya Üst Kurulu gənclər arasında diqqət çəkən araşdırma gerçəkləşdirib. “Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, RTÜK tərəfindən aparılan araşdırmanın nəticələri təhlil edilərkən belə bir tablo görünüb: dünya üzrə televiziya izləmə müddəti orta hesabla 2 saat 54 dəqiqədir. Türkiyədə bu müddət əvvəllər 4 saat 33 dəqiqə idisə, hazırda bu göstərici gənclər arasında sadəcə 1 saat 42 dəqiqədir. 

Gənclərin televiziya izləmə həvəsi 2 qat azalıb. Araşdırma 15-21 yaşlılar arasında aparılıb. Məlum olub ki, bu yaş qrupundakı yeniyetmə və gənclərin gün ərzində internetdən istifadə müddəti orta hesabla 4 saat 37 dəqiqədir. Gənclərin sosial mediadan istifadə və rəqəmsal oyunlar və yazışmalara nə qədər vaxt sərf etdikləri də öyrənilib. Ölkənin müxtəlif bölgələrində 6 min 626 nəfər sorğuya cəlb edilib. Sorğuda iştirak edənlərin 35.6 faizi az, 35 faizi orta, 29.4 faizinin isə yüksək rəqəmsal oxu-yazı səviyyəsində olduğu müəyyənləşib. 

Rəqəmsal oxu-yazı səviyyəsi qadınlara nisbətən kişilərdə daha yüksəkdir. Sorğuda iştirak edənlərin 37.1 faizində efir asılılığı müəyyən edilib. 15-18 yaşlı respondentlər isə daha az televiziya izləyir. Maraqlıdır ki, aztəminatlı ailələrə mənsub gənclər arasında rəqəmsal dünyaya aludəliyin daha yüksək olduğu aydınlaşıb. 

Rəqəmsal oxu-yazı qabiliyyəti isə düşükdür. 15-21 yaşarası gənclərin 76.3 faizi televiziya izlədiyini, 23.7 faizi isə izləmədiyini bildirib. Radio dinləyənlərin sayı da kəskin azalıb: gənclərin 66.2 faizi radio dinləmədiyini bildirib. Radio yayımları da cib telefonu üzərindən, ya da avtomobilin radiosunda dinləyirlər. İnternetdən istifadə edənlər isə 92.3 faizdir. Dünya miqyasında internetdən istifadənin ortalama müddəti 6 saat 54 dəqiqədir, Türkiyədə isə bu müddət 7 saat 57 dəqiqəyə yüksəlib. Gənclər gün ərzində ortalama 4 saat 47 dəqiqə internetdə “əyləşir”. 

Araşdırmada iştirak etmiş gənclərin 94.6 faizinin sosial media hesabı var. Ən çox da mesaj və video izləmə istifadə edilir.