MŞ sədrindən REAKSİYA: “Media intiharları niyə işıqlandırsın ki?!"
Banuçiçək Kalbalıyeva
13:27 01.02.2021
Media
924
“Hər hadisə KİV və cəmiyyət üçün hadisə deyil. Yəni ictimai məzmun daşıyan hadisə deyil”
“İntihar isə özlüyündə ümumiyyətlə peşəkar xəbər yükünə malik ola bilməz"
“Son günlər intihar hadisələri ilə bağlı materialların sayında müəyyən artım görürəm. Dəfələrlə bildirilib ki, belə olaylara yer verilməsi düzgün deyil. Bunu söyləyənlər əsasən onu üzərində dayanırlar ki, kimlər üçünsə intihar adiləşə bilər, normaya çevrilər. Mən də eyni qənaətdəyəm. Bəs necə olur ki, məsələyə həssas yanaşılmır?”.
Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov mediadakı intihar xəbərləri barədə “Sherg.az”a danışarkən deyib.
Onun fikrincə, belə xəbərlər daha çox peşəkar mediada oxunur:
“Əvvəla ona görə ki, intihar anı, əsasən də gördüyümüz hündürmərtəbəli binadan özünü atma epizodu istər-istəməz maraq doğurur. Çoxları bu anı lentə alarkən, bəlkə də. düşünür ki, onun qarşısının necə alındığını görüntüləyəcək, ancaq kadra intihar prosesinin özü düşür və o proses sonradan sosial şəbəkələrdə yayılır. Yəni bu halda yayıcı sıravi vətəndaş olur. Ancaq sıravi vətəndaşın nə qədər auditoriyası ola bilər? Lap hesab etsək ki, yayılmış materialı ayrı-ayrı şəxslər bir-birilərinə ötürürlər, belə olduqda da məsələnin ciddi məzmun qazandığını düşünmürəm. Məsələ o zaman ciddiləşir ki, həmin intihar səhnəsi kütləvi informasiya vasitəsinə yol tapır. Əgər intihar videosunu hansısa dostunun “watsapp” paylaşımından izləyən şəxs ona sadəcə tükürpədici olay kimi tamaşa edirsə, internet mediada baxan biri üçün təsəvvür tamam başqadır. Bu zaman olay belə desək, ictimailəşmiş qiyafədə olur. Artıq dövriyyəyə düşüncələr girir. Yəni sıravi vətəndaş fikirləşir ki, hansısa intihar videosu mediada yer alıbsa, demək ki, motiv ciddidir. Üstəlik media yalnız video görüntü paylaşmır, detallara varır”.
Mətbuat Şurasının sədrinin sözlərinə görə, media belə məsələrə xüsusi həssaslıqla yanaşmalıdır:
“Bəs yaxşı intiharın ictimai və ya sosial motivli olması mümkündürmü? Hesablamalara görə, ən çox intihar Skandinaviya ölkələrində baş verir. O ölkələrdə ki, həyat şəraiti kifayət qədər yüksəkdir. İctimai münasibətlər sistemi xeyli təkmildir. Amma intihar var. Demək, məsələyə ən müxtəlif tərəflərdən yanaşmaq lazımdır. Yəni hər bir halda yanaşmaq lazımdır, çünki bu, proses psixoloji mahiyyət daşıyır. Psixoloji mahiyyətdə isə fərdi amillər ön planda olur. Sual yaranır: fərdi məsələnin ictimailəşməsi düzgündürmü? Nəzərə alaq ki, fərdi məsələlərdə ictimailəşməni doğura biləcək motiv o qədər də yüksək deyil. Yəni düşünək, müharibə apardıq, şəhidlərimiz oldu. Mediamız onların həlak olma anını, keçdiyi ömür yolunu işıqlandırır. Bununla bağlı epizodlar hər birimizə təsir göstərir, içdən yanırıq, sarsılırıq.
Amma burada fərdi faciə ictimai motiv qazana bilir. Çünki şəhid olanlar torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçiblər. Düşünək, intiharda belə bir motiv varmı?
Yoxdur. Belə olan halda media nə üçün intiharları işıqlandırmağa yer versin ki? Əlbəttə, mən intiharın hansısa kriminal zəmindən doğduğu və onun cəmiyyətin dinc və birgə yaşam qaydalarını da təhdid edə bilmə ehtimalını kənara qoymuram. Ancaq sırf intihar anı cəmiyyətə heç nə deməyən, heç nə aşılamayan bir görüntüdür.
Əksinə, ruh düşkünlüyü yaradan, əvvəldə də dediyim kimi, kimlər üçünsə intiharı normaya çevirə bilən, adiləşdirən şüuraltı siqnaldır. Uzun sözün qısası, media orqanlarımız məsələyə həssas yanaşmalıdırlar.
Daha yaxşı olardı ki, müvafiq dövlət qurumlarımız da buna daha ciddi diqqət yetirsinlər. Nəzərə alaq ki, onlar ilk mənbə rolunda çıxış edirlər. Hər hadisə KİV və cəmiyyət üçün hadisə deyil.
Yəni ictimai məzmun daşıyan hadisə deyil. İntihar isə özlüyündə ümumiyyətlə peşəkar xəbər yükünə malik ola bilməz. İzah etdim nəyə görə. Diqqətinizə görə təşəkkür edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya