Rəqəmsal medianın inkişafı, ənənəvi nəşrlərin elektron mühitə inteqrasiyası və müasir texnoloji imkanlardan istifadə media qurumları qarşısında yeni perspektivlər açır. Bu istiqamətdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə dmags.net platformasının nümayəndəsi Berkay Seven arasında onlayn görüş keçirilib. Görüşdə " Şərq " qəzetinin əməkdaşları da iştirak edib.
Sherg.az xəbər verir ki, Zoom platforması üzərindən baş tutan görüşdə rəqəmsal nəşrlərin hazırlanması, qəzet və jurnalların elektron arxivləşdirilməsi, eləcə də media qurumları üçün nəzərdə tutulan texnoloji həllər barədə ətraflı məlumat verilib.
Görüş zamanı Berkay Seven dmags.net platformasının imkanlarını təqdim edib. Bildirilib ki, platforma müxtəlif qəzet və jurnalların rəqəmsal arxivini yaratmağa, nəşrlər üzrə söz və ifadələrlə axtarış aparmağa, materialları müxtəlif illər və kateqoriyalar üzrə çeşidləməyə imkan verir. İstifadəçilər nəşrləri böyüdüb-kiçildə, səhifələri işarələyə, qeydlər apara və müxtəlif dillərdə görüntüləyə bilərlər.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı platformanın fəaliyyətini və rəqəmsal media sahəsində gördüyü işləri yüksək qiymətləndirib. O, təqdim olunan texnoloji imkanların media qurumları üçün əhəmiyyətini vurğulayıb.
Təqdimatda platformanın digər məhsulu olan Flippable-ın funksionallığı da nümayiş etdirilib. Qeyd olunub ki, bu sistem PDF formatında olan qəzet və jurnalları interaktiv rəqəmsal nəşrlərə çevirir. Hazırlanan materialları veb-saytlara yerləşdirmək, onlara video, foto, keçid və digər interaktiv elementlər əlavə etmək mümkündür.
Bununla yanaşı, platformanın analitika imkanları diqqətə çatdırılıb. Belə ki, oxucuların sayı, nəşrlərin görüntülənmə statistikası, səhifələrdə keçirilən vaxt, ən çox oxunan materiallar və istifadəçilərin platformaya hansı mənbələrdən daxil olması barədə məlumat əldə etmək mümkündür. Sistemdə nəşrlərin təhlükəsizliyinin təmin edilməsi, komanda üzvlərinə fərqli səlahiyyətlərin verilməsi və fəaliyyətlərinin izlənməsi imkanları da mövcuddur.
Görüşdə dmags.net platformasının “Şərq” qəzetinin rəqəmsal inkişafı və nəşrlərinin elektron mühitdə daha geniş auditoriyaya çatdırılması baxımından yarada biləcəyi imkanlar müzakirə olunub. Tərəflər mümkün əməkdaşlıq perspektivləri, platformanın qəzetin fəaliyyətinə inteqrasiyası və təqdim olunan texnoloji həllər barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, rəqəmsal nəşrlərin interaktiv formata keçirilməsi və oxucu statistikasının təhlili müasir media mühitində informasiya məhsullarının təqdimatını və auditoriya ilə əlaqələrin inkişafını dəstəkləyən mühüm vasitələrdəndir.