"Laçında evləri öldürüblər, şəhid ediblər"


Şərif  Ağayar: "Bizim qocalar üçün torpaq gətirmişdim, ovcuna alıb yeyənlər oldu..."

"Bizim əsgərlərin heyvanlara münasibəti də ağayanadı. Ermənilər bizim itləri də güllələmişdi. Məsələn, neçə il orda yaşayan ermənilər olub, qəbirlər də var. Mən əminəm ki, bizim əsgərlər o qəbirlərə heç nə etməyəcək"

Vətən həm də axmaq insanlarındır. Xalqın qanını soranlar, ruzisini əlindən alanlar ixtiyar sahibi olmasınlar. Çağırış edirəm ki, buna imkan verilməsin.  Adam balası kimi qayıdaq o torpaqlara!..  


Qismət bu günəymiş. Bir neçə gün əvvəl yazıçı, şair, Kulis.az portalının baş redaktoru Şərif  Ağayara zəng etmişdim. İstəyirdim Laçından danışsın. Hər kəs ancaq Şuşadan danışır axı... Şərif bəyə zəng etməyi tətikləyən bir hadisə də oldu. “Şərq”də yazıçı Aqşin Yeniseylə müsahibə dərc olunmuşdu. Baş redaktorun birinci müavini Yusif  Nəzərli çağırdı ki, gör Aqşin burda nə deyir: “Şərif Ağayarın Laçından yazdığı reportajda bir epizod var idi: dağılmış kənddə sahibsiz qalmış itə çörək atırlar, it ilk çörək qırığını aparıb gizləyir və yenidən çörək dalınca gəlir. Müharibə, ümidsizlik, ac qalmaq qorxusu iti belə müdrikləşdirir, dramatikləşdirir. Bu cür amansız səhnəni təxəyyül gücünə uydurmaq olmaz, onu ancaq həyatdan əkişdirmək olar”. 

Müsahibənin bu hissəsini mənə oxudu, sonra da “Laçınlı axtarırdıq, bundan yaxşı Laçınlı?! Budu, Şərif! Şərif Ağayara zəng elə, Laçından danışsın. Şuşadan bəh-bəhlə danışanları “susdursun”. Əla alınacaq”, dedi. 
Qətiyyən Şuşaya qarşı hansısa qərəzimiz yoxdu, Allah eləməsin. Şuşa baş tacımızdı. Elə bütün ərazilər – bütövlükdə Azərbaycan. Amma açığını deyim, Laçının işğalı məni daha çox göynədib. Bəlkə ona görə ki, dilimizdə igid, mərd oğulları “Laçın kimi oğlandı”, deyə tərifləyirlər. Laçın sözü məndə qartal assosiasiyası yaradır, möhkəm, sıldırım qayayla eyniləşir. Bu qayaya erməni çıxmamalıydı axı!.. Bir  də Laçın sevgisi mənə Akif İslamzadənin səsiylə ötürülüb – “Ay Laçın” mahnısıyla... Xüsusi yeri var Laçının qəlbimdə. 
 Şərif bəyə də təxminən bunları dedim. Müsahibə almaq istədiyimi söylədim. Razılşadı. Amma işi çox olduğundan bir-iki gün gecikdi. Deməli, tələsməklə və istəklə deyil. Hər şeyin öz zamanı var. Laçın haqqında danışmağımız da Vətən müharibəsinin başladığı ilk günün qismətindəymiş. 

- Laçına nə zaman getdiniz, səfəri kim təşkil etmişdi, sizə təklif kimdən gəldi. Kimlərlə birgə getmişdiniz... Bunların hamısına ətraflı cavab istəyirəm. Hansı tərəfə getdiniz, öz kəndinizi gördünüzmü? Gördükləriniz, yaşadığınız hisslər hamısı maraqlıdır. Laçın haqqında çox danışmağınızı istəyirəm. Sevdiyiniz, daim getdiyiniz yerlər... Öz kəndiniz haqqında... 

(Sualların hamısını birdən vermişdim. 30 ildən sonra dədə-baba yurduna ayaq basmış birisi üçün əlbəttə ağır olacaqdı)

- Bir iş adamı var, mənim də oxucumdur. Təklif etdi ki, istəyirsən gedək. Qələm adamısan, mənəvi dəyəri var sənin üçün. Düzü, ağlıma gəlməzdi kimsə mənə belə təklif edər. Dedim, göndərsəniz gedərəm. Bu adam Laçında hərbi hissələr yerləşməyə başlayanda əsgərlərimizə müəyyən işlərdə kömək edib, vətənpərvər insandı. Ermənistanla üzbəüz dağın başında Azərbaycan və Türkiyənin dövlət bayraqlarını o asıb. Əslində, səfərimiz daha əvvəlcə olmalıydı, martdan əvvəl. Amma oralara qar yağdı, 60-70 santimetr qar düşdü. Səfəri təxirə salası olduq. Mart tətilində nəhayət gedə bildik. Laçın dəhlizindən keçdik, Qorçu (?) kəndinə, Qarıqışlağa. Özümlə əmimoğlunu apardım, bir də Arif Gürşadoğlu bizimlə getdi. Yağışlı gün idi. Çayın kənarı ilə getdik. Minkənd, Bozluya gəlib çatdıq. Ordan da bizim kəndə - Ağbulağa. Rayon mərkəzindən bizim kəndə  30-40m kilometr məsafədi...

- Şərif  bəy, sözünüzü kəsirəm, niyə məhz əminiz oğlunu apardınız? 

- Laçın işğal olunan vaxt əmim itkin düşüb. Hikmət itkin düşmüş əmimin oğludu. Daha doğrusu, əmim də hamıyla birlikdə Laçından çıxmışdı. Amma tab gətirməyib bir neçə gün sonra Laçına geri  qayıtmışdı və daha gəlmədi. Elə bil Laçın “uddu” əmimi. Laçına qarışdı əmim... İtkinliyin nəhayəti olmur. Bitmir. Şəhidləri bilirsən ki, şəhiddilər. Rəhmətə gedən adamdan gözünü çəkirsən. Amma itkini ömrünün sonunadək gözün axtarır. Ümidlə yaşayırsan ki, bəlkə bir nişanə tapdım, bəlkə qayıtdı. Əmim oğlunu aparmağım da bununla bağlı idi. Öz evlərini ziyarət edər, bəlkə bir nişanə tapar. Həm də Hikmət mahir ovçudu, Laçının təbiətini bilir. Hər yeri ovcunun içi kimi tanıyır. Bu 28 ildə “Google-mars”da Laçını qarış-qarış “gəzib”.    

- Sözünüzü kəsdim. Davam edin, necəydi kəndiniz?

-Bizim kəndi həmişə İsveçrə ilə müqayisə edərdilər. Gözəl mənzərəsi vardı. Dağlar, bulaqlar, çaylar. Çay qayanın altından axır, düz bizim həyətdən keçir. Çay ağ daşların üzəriylə axırdı deyə, parıldayırdı suyu. Ona görə də kəndin adı Ağbulaqdı. Amma 30 il sonra mənə kəndimiz balaca göründü. Yollar, küçələr balacalaşmışdı. Elə bil kənd yerə batırdı... Mən kənddə doğma bir nişanə, doğmalıq tapa bilmədim. Sanki yad bir yerdəydim. Bircə dağlara baxanda təsəlli tapa bildim.  Evimizi dağıdıb aparıblar. Yandırmayıblar. Evimizin tikintisində palıd ağacından istifadə olunmuşdu. Palıd da qiymətli ağacdı. Qiymətli nə vardısa söküb aparıblar. 

- Yandırılan evlə, yandırılmayanı ayırd edirsiniz yəni...

- Deməli, hansı evdə ki, dəmir qırıqları var, bilirsən ki, ora yandırılıb. Dəmir yanmayıb, qırılıb tökülüb. Hansı evdə ki, dəmir  qırıqları yoxdu, bilirsən ki, onun daşını, dam örtüyünü, qapı-pəncərəsini söküb aparıblar. Məsələn,  qonşu kənddə babamın evini yandırmışdılar. Evin içində ağac bitmişdi. 

- Şərif bəy, ötən dəfə Novella Cəfəroğlu ilə Şuşa səfəri barədə danışanda o da dedi ki, həyətlər öz yerində, evlərin içində ağaclar bitib... 

- Düzdü. Arif  Gürşadlı dedi ki, anasının onları – uşaqları çimdirdiyi ləyənin qalıqlarını görüb həyətdə, çürümüş orta hissədə ağac bitib... “Bulağın gözü”nə getdik. Bulağın daşları mamır bağlamışdı. Əvvəllər bulaq çıxan yerdə bir dənə də ağac olmazdı. İndi isə bulağın başını söyüdlük basmışdı. Həyatımda ilk dəfə idi ki, ağaca nifrət edirdim... Kəndimiz, təsəvvürümdəki kənd deyildi. Aşıq Veysəl yadıma düşdü. Qloukomanın müalicəsi tapılanda Aşıq Veysələ deyiblər ki, gəl, gözlərini müalicə edək, açılsın. İstəməyib. Deyib, mən öz xəyal dünyamı yaratmışam. Gözlərim açılsa, yaratdığım xəyal dünyam dağılar. Mənim üçün ağır olar... Təxminən mənim üçün də belə vəziyyət idi. Gördüyüm xəyallarımda yaşatdığım kəndimiz deyildi. Nə bilim, bəlkə təbiətin hələ yatmış vaxtıydı, bu da hüzn verirdi. Ürək parçalayan mənzərələr idi... İnanmazsınız, qayıtmağıma sevinirdim. Qayıtmağın sevinci bu hüznü xəfiflədirdi. Qələbənin sevinci də vardı. Yəni fon sevincli idi deyə, kədəri qaldırmaq olurdu... Salamat sobalar gördük evlərdə. Su qabları götürdük, kəndin suyu çox gözəldi. Bizim qocalara “Bulağın gözü”ndən su aparacaqdım. Torpaq da götürdük. Ola bilər, qayıda bilməzlər bir də ora. Laçından sonra onun insanlarının ziyarətinə getdim. Səfərim bununla tamamlanmalıydı. Bizim qocalar Ağcabədidə yaşayırlar. Yataqda olanları var. İstəyirdim bulağın suyundan içsinlər. Torpağı ona görə aparmışdım ki, qayıda bilməyənlərin məzarına töksünlər. Məzar üçün saxlasınlar. Amma torpağı ovcuna alıb yeyənlər oldu... Bu, insanların suya, torpağa münasibətidi...      

- Ata yurduna qayıdanlar adətən məzarlığa da gedir, doğmalarını, qohum-əqrəbanı ziyarət etməyə.  Siz necə?

- Mən qəbiristanlıqları sevmirəm. Hesab edirəm ki, ölüləri rahat buraxmaq lazımdı. Onlar orda deyillər. Cisimləri ordadı. Fikir verdim ki, qəbirlər dağıdılmayıb. Salamat idilər. Gümbəz də salamat idi. Qəbiristanlıqdan baxanda evlər qəbirləri ziyarətə gələnlərə oxşayırdı. Uşaq vaxtı durbinlə uzaqdan kəndimizə, evlərə baxmağı sevərdim. Evləri sahiblərinə bənzədirdim, özü də maraqlıdır ki, kişilərə. Evlərin damı mənə “kepka”ları xatırladırdı. Amma indi evlər yox idi. Evləri öldürüblər, şəhid ediblər. Üstündən tank keçib evlərin...  Ömrümün 15 ilini - ən gözəl  dövrünü keçirmiş adam, özü də qələm əhli üçün çox çətindi... 

(Şərif bəy danışdıqca danışırdı. Kəndi heç cür gəzib başa vura bilmirdi. Bəzən səsində sevinc duyulurdu, bəzən kədər. İki hiss bir-biriylə mübarizə aparırdı. Hansı qalib gələcəkdi? Baxaq...)

- Kənddə böyük məktəb tikilirdi. Yarımçıq qaldı. İndi binanın damını örtüblər, zastava olacaq orda... Sevinirəm ki, artıq xaraba olmayacaq kəndimiz. Sizi təsirləndirən itin əhvalatına gəlirəm. Bunu deyim ki, bizim əsgərlərin heyvanlara münasibəti də ağayanadı. Ermənilər bizim itləri də güllələmişdi. Məsələn, neçə il orda yaşayan ermənilər olub, qəbirlər də var. Mən əminəm ki, bizim əsgərlər o qəbirlərə heç nə etməyəcək. Camaat da həmçinin. Bizim xalqda qəbir dağıtmaq, haranısa uçurmaq xüsusiyyəti yoxdu. Bizim kənddə 120 ev vardı, 10-15-i salamat qalıb. Babamgilin evi də nisbətən salamat qalıb. Həmin ağ itlə də orda rastlaşdım. Evə yaxın başqa qara bir it də gördüm. Erməni iti idi...

- Nə bildiniz?.. O mənada ki, itin də “milliyyəti” olur? 

- Evə daxil olmaq istəyirdim, Azərbaycan dilində dedim, çəkil, başa düşmədi, rusca da bilirəm itə hansı sözü deyirlər, onu da dedim, yenə başa düşmədi. Reaksiya vermədi. Anladım ki, bununla erməni dilində danışıblar. Ermənicə, “get-gəl”ə öyrəşib. Sonra hərəkətlə başa saldıq, evin qapısından çəkildi. Ümumiyyətlə, bir maşın gələndə itlər yaxınlaşır, görünür, belə alışıblar, maşınlar gələndə onlara çörək atıb. Orda əmioğlu dedi ki, bəs it aparıb çörəyi gizlətdi. Ehtiyat saxlayırdı. Kəndimizi həmin ağ və qara itə tapşırıb gəldik. Bir də qüruba... Bizimlə hərbçilər də vardı. Onlara qəribə gəlirdi ki, biz dağılmış evləri ziyarət edirik. Arif də ağladı orda. Rahat buraxdım onu da, Hikməti də. Qoy ürəklərini istədikləri kimi boşaltsınlar. Elə insan var dizin-dizin sürünür, əhd edib ki, torpağı öpə-öpə gedəcəm evimizə, eləsi var hönkürür. Mən belə halların ictimailəşməsini sevmirəm. Belə vəziyyətdə tək buraxmalısan adamı. Mən özüm bu dəqiqə qəhərlənirəm. Amma orda özümü saxladım. Gedəndə sakitləşdirici dərman içmişdim... Hikmət məndən orda şeir deməyimi istədi. Bir şeirim var, laçınlılar əzbər bilir; Gözəl Ağbulağım, a doğma kəndim, Bir daha qoynuna dönəcəmmi gör? Sevinclə aşaraq “Gazın başı”ndan, “Bulağın gözü”nə enəcəmmi gör?..  Demədim; acıqlandım ki, video çəkmək vaxtı deyil. Özü telefonu üzünə tərəf tutub üzü aşağı enməyə başladı. Bildim ki, Hikmət də ağlayacaq. Həm də vəhşicəsinə...              
- Şərif  bəy, siz Laçının necə bərpa olunmasını istəyirsiniz? Fikrinizdə nələr var?

- Laçın dəhlizi rusların nəzarətindədi. Onların nəzarəti altında olan yerlərdə ermənilər yaşayır. Amma hiss edirsən ki, bir ayaqları qaçaqdı. Mən hadisələrə yazıçı gözüylə baxıram. Onların baxışlarında ağır kədər gördüm. Təsəvvür edin, sovetdənqalma QAZ 52-də yük daşıyırlar. Çox pis gündədirlər. İndi onlar Xocalı xofu yaşayır. Azərbaycana başucalığı gətirən həm də bu oldu ki, biz dinc əhalini vurmadıq. Uşaqları öldürmədik. Azərbaycan ordusu ağayana qələbə çaldı. Laçında diqqətimi bu çəkdi ki, yollar salınıb. Yarımstansiyalar var. Laçın çayları böyük enerji mənbəyidir, çayların suyunu vururlarmış yarımstansiyalara, enerji əldə edirlərmiş. Cənab Prezident də dedi ki, Laçın özünü enerji ilə təmin etmək üçün resursları var. Balıq təsərrüfatı yaratmaq olar. Laçın çaylarındakı forel balığı dünyada az-az tapılan sərvətdi. Bizim quldurlar məhv etməsə, əlbəttə. Bu məsələ məni çox narahat edir və istəyirəm, arzu edirəm, hətta tələb edirəm ki, azad etdiymiz torpaqları icra strukturlarının quldur məmurlarına tapşırmayaq. Artıq bu problem – Laçının təbiətinin məhvi başlayıb. Ora gedən insanlar tərəfindən. Bu qədər də olmaz. Bir az utanmaq lazımdı. Bu qədər simasızlıq olmaz. Sadəcə bu qədər deyirəm... Enerji verib balıqları qırırlar... Kəlbəcərdə, Laçında rüşvət alınacaqsa, dövlətin ayırdığı yardımı koronavirus dərmanlarını “yedikləri” kimi yeyəcəklərsə, bu şərəfsizliyi bütün dünya görəcək. Bu murdarlıqları o torpaqlara daşımayaq. Camaatın balası qan töküb torpaqları azad edib, hansısa şərəfsiz onu camaatın əlindən alır. Vətən həm də axmaq insanlarındır. Xalqın qanını soranlar, ruzisini əlindən alanlar ixtiyar sahibi olmasınlar. Çağırış edirəm ki, buna imkan verilməsin.  Adam balası kimi qayıdaq o torpaqlara!..  
(Şərif Ağayar danışırdı, yadıma  Laçına həsr etdiyi başqa bir şeir düşdü: 

“Sözümün əvvəli, sözümün sonu
Məskənim, beşiyim, anam, ay Laçın.
İstərəm eşqinlə Xan Kərəm kimi
Alışam, ay Laçın, yanam, ay Laçın.
Çırpılam qoynuna əsən yel kimi,
Sızlayam dərdinlə incə tel kimi,
Duyam nəfəsini, açam gül kimi,

Bülbülüm, ay Laçın, sonam, ay Laçın...” Mən şeiri xatırlayırdım, Şərif bəysə  Laçın dəhlizindən yenə kəndə “qayıdırdı”, özü də deyəsən əsəbi...) 

- Kənddə bir qohumumuzun evinə getdim. Zivədə uşaq paltarları vardı. Tələsik getmişdilər, nədi, yığmamışdılar paltarları. Qəribə hisslər yaşadım. Görəsən o uşaq indi hardadı? Niyə belə olmalıydı? Mənim başıma niyə bunlar gəlməliydi? Niyə onlar gəlib bizim torpağı işğal etməliydi ki, biz də onları qovmaq zorunda qalaq?! Evimiz tikiləndə anam hamilə olub. Hamilə vəziyyətdə atama kömək edib, evin daşlarını daşıyıb. Atamın, anamın əziyyətlə tikdiyi evdə onlar niyə yaşamalıydılar? O axan çayı zamanla birlikdə necə geri qaytarım? Bunun cavabını kim verəcək? Bu  zülmün cavabını kimdən istəməliyik? Dəhşətli suallardı. Mənim bir şeirim var - “Humanizm”.  Məzmunu belədi ki, bir kəndin camaatını böyüklü-kiçikli qırırlar, təkcə bir nəfər qalır. Mən təklif edirəm ki, humanizm göstərin, onu da öldürün. Bütün bu ağrıları o, təkbaşına yaşamasın...  İnsanların əzabları bitəsi deyil. Əzabların haqqını kim verəcək?.. İtirdiklərimizi kim geri qaytara bilər?.. Bütün ömrümüz bu zülmlərin içində keçdi. Şükür ki, qələbənin də sevinci var... 

- Siz Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovdan roman yazdınız – “Komandir”.  44 günlük Vətən müharibəsində ədəbi düşüncənizə hakim olanlar varmı?   

- Bu mövzulardan mən bir az qaçıram. Söhbət müharibədən gedirsə, ədəbiyyat danışa bilməz. Mikrofon ədəbiyyatdan alınır. Silahlar danışan yerdə ədəbiyyat 2-ci plana keçir. Şuşada da deyirdilər, roman yazırıq. Bəzisi dedi, artıq yazmışam... Yazırlar, mən də çap edirəm. Başa düşmürəm, qələbədən necə əsər yazmaq olar?! Ədəbiyyatın qələbəyə nə aidiyyəti var? Sən bununla ancaq qələbəni mədh edə bilərsən. Onda da sənət kriteriyaları aşağı düşəcək. Bu da ədəbiyyat deyil. Ədəbiyyat odur ki, insanın duyğularına, hisslərinə enə biləsən. Məsələn, bir nəfər müharibəyə getməkdən qorxub, bax bunu mövzu edə bilərsən. Demirəm, yazmasınlar, yazsınlar. Ancaq əsas şərt işi sənətkarca görməkdir.  Ədəbiyyatın ölçüləri millətçiliklə, vətənçiliklə uyğun gəlmir. Yalnız sənət kriteriyaları ilə yazıldıqda böyük ədəbiyyat yaranır. 

- Şərif bəy, bəlkə yerinə düşmür, amma yenə də soruşacam. Sizin “Babaş” hekayənizi onlayn oxudum. Maraqlı gəldi, o hekayədə özünüz də varsınız?.. Ümumiyyətlə, öz obrazınızı qələmə aldığınız əsərləriniz var?

- Tolstoy “Anna Karenina” romanı haqqında deyirdi ki, “Anna mənəm”. Tolstoy, həm də sərt, dəliqanlı olub axı. Türklər belələrinə “maço” deyir. Annanın xarakterində də bu görünür.  Xüsusi avtobioqrafik yazılar olur. Amma bunu müəyyən etmək çətindir ki, yazıçı öz əsərində nə qədər var. Məsələn, mənim “Kərpickəsən kişinin dastanı” povestimdə mən də varam, atam da. Amma mən daha çox özümə oxşayıram, nəinki atam. Əsər yazanda hər obrazdan, hər hadisədən özünə uyğun olanı götürürsən. Mətni qurursan. Mətn qurmaq sünilikdi. Bu süniliyin içində təbii istedad mütləq özünü göstərməlidi. Nə yalnız ilhamla, nə də yalnız intellektlə insan yaza bilər. Bunlar hər ikisi paralel olmalıdır. Qoşa qanad kimi. 

Söhbətləşdi: Məlahət Rzayeva