İnnovasiya lideri “Bakcell” və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, təqaüd proqramının təqdimatı çərçivəsində “Bakcell”in baş direktoru Klaus Müller və Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb.
Tədbirdə müxtəlif dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.
Təqaüd proqramı gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılmasını və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasını hədəfləyir. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.
Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.
Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər http://youthfoundation.az/ saytı vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.