Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir

  • Rauf Ağamirzəyev: “Bu, sadəcə ödəniş dəyişikliyi deyil, yeni idarəetmə modelidir”

Bakı və Gəncədən sonra Naxçıvanda da ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Bu barədə nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. Mütəxəssis hesab edir ki, Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş üsuluna keçilməsi ölkədə vahid və müasir ictimai nəqliyyat modelinin formalaşdırılması istiqamətində növbəti mühüm mərhələdir: 

- Nağdsız ödəniş sistemi təkcə ödəniş üsulunun dəyişməsi deyil, həm də nəqliyyatın rəqəmsal idarə edilməsinə keçidin əsasını təşkil edir. Bu yanaşma gəlirlərin şəffaf uçotunu təmin edir, sərnişinlərə daha rahat xidmət göstərir və daşıyıcıların fəaliyyətinin səmərəliliyini artırır.

Bununla yanaşı, layihənin uğuru onun gələcək inkişafından asılı olacaq. Növbəti mərhələdə vahid nəqliyyat kartı, bank kartları və mobil telefon vasitəsilə ödəniş, real vaxt rejimində avtobusların izlənməsi, mobil tətbiqlər və sərnişin axınının rəqəmsal təhlili kimi həllərin tətbiqi Naxçıvanda ictimai nəqliyyatı daha müasir və səmərəli edəcək. Bu addım göstərir ki, Azərbaycanda ictimai nəqliyyatın rəqəmsallaşdırılması artıq təkcə Bakı ilə məhdudlaşmır. Regionlarda da müasir texnologiyaların tətbiqi ölkə üzrə vahid, əlçatan və keyfiyyətli ictimai nəqliyyat sisteminin formalaşdırılmasına xidmət edir.