
Parlamentari: MDB oyunlarının Gəncədə keçirilməsi şəhərin inkişafına böyük töhfələr verdi
11:50 29.09.2025
Ölkə
482
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.
Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a bildirib ki, Azərbaycan uzun illərdir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir:

"Xüsusilə də ölkəmizin idmançıları ən mötəbər yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırır və təsdiqləyirlər ki, Azərbaycan həqiqətən də bir idman ölkəsidir. MDB məkanında da idmançılarımızın böyük nüfuzu var.
Bununla yanaşı, Gəncə şəhəri MDB-nin idman paytaxtı seçilib. Bu da təsadüfi deyil. Gəncə bundan əvvəl – 2012-ci ildə Azərbaycan Gənclər Paytaxtı, 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2019-cu ildə isə Avropanın İdman şəhəri elan olunmuşdu. Yəni Azərbaycanın ikinci böyük şəhərinin beynəlxalq tədbirlərdə nüfuz qazanması əbəs yerə deyil. MDB oyunlarının Gəncə şəhəri mərkəz olmaqla əlavə yeddi rayon və şəhərdə keçirilməsi isə paytaxtdan kənarda təşkil edilən ilk böyük idman tədbiri kimi tarixə düşür. Bu fakt Azərbaycanın regionlarında da idman infrastrukturunun yüksək səviyyədə olduğunu sübut edir. Regionlarda bu cür mötəbər tədbirlərin keçirilməsi həm də həmin ərazilərin turizm potensialının artmasına birbaşa xidmət edir. Dünən Gəncə şəhərində MDB oyunlarının açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da mərasimdə iştirak etdilər. Biz fəxrlə deyirik ki, açılış zamanı Azərbaycan mədəniyyəti və dövlətçilik tarixi ən yüksək səviyyədə nümayiş olundu. Xüsusilə də 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimiz, “dəmir yumruq” rəmzini əks etdirən səhnələr tamaşaçılara təqdim olundu. Mərasim sonda Gəncə şəhərindən sülh rəmzi olan göyərçinlərin havaya buraxılması ilə başa çatdı və dünyaya sülh mesajı verildi. Azərbaycan hər zaman olduğu kimi bundan sonra da bölgədə uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün üzərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirəcək. MDB oyunlarının Gəncədə keçirilməsi isə şəhərin inkişafına böyük töhfələr verdi. Bu şəhərdə geniş infrastruktur layihələri həyata keçirildi, şəhər stadionu istifadəyə verildi, yol infrastrukturu tam yeniləndi, ictimai nəqliyyat sistemi müasirləşdirildi və yeni avtobus qarajı yaradıldı. Bundan əlavə, Gəncə dəmir yolu vağzalı yenidən quruldu, qatar reyslərinin sayı artırıldı, beynəlxalq hava limanının fəaliyyəti gücləndirildi".
Deputat vurğulayıb ki, qərb bölgəsinin mərkəzi şəhəri olan Gəncə günü-gündən inkişaf edir və dövlətimiz, xüsusilə də cənab Prezident tərəfindən daim xüsusi diqqət və qayğı ilə əhatə olunur:
"Biz sevinirik ki, artıq belə mötəbər tədbirlər bu şəhərdə keçirilir. İnanırıq ki, gələcəkdə də əldə olunan təcrübə nəzərə alınaraq həm Gəncə şəhərində, həm də Azərbaycanın digər rayon və şəhərlərində beynəlxalq tədbirlər təşkil ediləcək. Bizim idmançılarımızın MDB oyunlarında ən yüksək səviyyədə çıxış edərək medallar qazanacağına əminik. Bu uğurlar növbəti beynəlxalq yarışlarda da Azərbaycan idmanının inkişafına mühüm töhfə verəcək. Mən bütün idmançılarımıza uğurlar arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı