Arzu Nağıyev: Yeni standartların qəbulu, rüşvətin qarşısını almaq üçün infrastrukturları beynəlxalq standartlara uyğunlaşdırmaq deməkdir
Azərbaycanda rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı qəbul edilib.
Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) Teleqraf-a verilən məlumata görə, AZSTAND tərəfindən AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlaması aparılıb.
Nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.
Məlumata görə, bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır.
Sözügedən yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, millət vəkili Arzu Nağıyev Sherg.az-a bildirib ki, rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı qəbul edilməsi əsasən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsindən irəli gəlir:
"Yəni, bu, sistemli şəkildə aparılır, beynəlxalq yanaşmalar əsasında həyata keçirilir. Yeni standarlar dövlət və özəl qurumlarda etik normaların, şəffaflığın və bu mədəniyyətlərin formalaşdırılmasına xidmət edir. Eyni zamanda, rüşvət risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün mühüm metodologiyadır. Həmçinin qanunvericilikdə nəzərdə tutulan korrupsiyaya qarşı mexanizmlərin praktiki tətbiqini asanlaşdırır. Bu, biznes mühitinin və dövlət idarəçiliyinin beynəlxalq etimadını artırır, xarici investorlar üçün daha maraqlı və şəffaf olmasını təmin edən əsas məsələlərdən biridir.
Rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı adi bir sənət deyil, korrupsiyaya qarşı idarəetmə sisteminin ölkə üzrə tətbiqi üçün mühüm alət və istiqamətdir. Azərbaycanda hazırda vəziyyət belədir: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı fəaliyyət göstərir, müvafiq komissiya işini davam etdirir, "ASAN xidmət" modeli, elektron hökumət xidmətləri və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi strukturlar fəaliyyət göstərir. Elektron xidmətlərin artırılması və genişləndirilməsi rüşvətin qarşısının alınmasında mühüm rol oynayır, o cümlədən rüşvət şəraitinin azaldılmasına ciddi təsir göstərir. Digər tərəfdən bu istiqamətdə çətinliklər də mövcuddur. Bu halların qarşısını almaq üçün müxtəlif addımlar atılır. Aparılan həbslər korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda dövlət təhlükəsizliyi xidməti, polis, prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən nəzarət olunur. Bu addımlar ciddi nəticələr verir.
Deputatın fikrincə, yeni standartların qəbul edilməsi, rüşvətin qarşısını almaq üçün infrastrukturları beynəlxalq standartlara uyğunlaşdırmaq deməkdir:
"Əsas məsələ, bunun praktiki tətbiqi, ictimai nəzarət mexanizminin işlək olması və real şəkildə icra olunmasıdır. Bununla əlaqədar olaraq, Milli Məclisdə müvafiq qanunlara əlavələr edildi, yeni qanunlar qəbul olundu və fərmanlara uyğun icra mexanizmləri müəyyənləşdirildi. Ümumiyyətlə proses mütəmadi olaraq daha da gücləndiriləcək və inkişaf edən xətt üzrə davam edəcək".
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Azərbaycanda daim korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparılıb və sosial tədbirlər görülüb:
"Lakin bu hər zaman davam etməlidir. Xüsusilə yeni tarixi mərhələdə, tamamilə yeni, fərqli, müstəqil, hüquqi və demokratik dövlət quruculuğu yolunda, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması kontekstində korrupsiyaya və rüşvətxorluğa qarşı daha amansız mübarizə aparmaq vaxtı çatıb. Nəticə etibarilə, dövlətimizi, cəmiyyətimizi inkişaf etdikcə, bunun nə qədər zərərli bir ənənə olduğu daha aydın görünür və ümumi, kütləvi mübarizə üsulları zəruri hesab olunur. Buna görə də rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində qəbul olunmuş yeni dövlət standartı zərurətdən irəli gələn bir addımdır. Həmin standartlar mümkün riskləri əvvəlcədən müəyyən edərək qiymətləndirir və onlara yol verməmək məqsədini daşıyır".
Deputatın sözlərinə görə, yeni qəbul edilmiş standartda bir tərəfdən vətəndaşların, digər tərəfdən qanunu pozmağa meyilli şəxslərin qorunması təmin olunur:
"Çünki risklər əvvəlcədən müəyyənləşdirilir və onların qarşısını almaq üçün addımlar atılır.
Beləliklə, rüşvətxorluğa meyilli şəxslərin atacağı addımlar əvvəlcədən məhdudlaşdırılır. Üstəlik, bu, onların səhv yoldan dönməsi və hüquqi cəza çəkmədən düzgün yola qaytarılması kimi qiymətləndirilə bilər. Ümumiyyətlə bu, yüksək əhəmiyyətli bir standartdır. Amma bütün bunlarla yanaşı, paralel olaraq vətəndaş mübarizliyi və fəal vətəndaş mövqeyi də prosesi dəstəkləməlidir ki, daha qısa müddətdə daha yaxşı nəticələr əldə edək".