Şabran rayonunda layihə çərçivəsində ilk tədbir Daşlıyataq kəndində keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi tərəfindən həyata keçirilən “Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi üzrə ilk tədbir Şabran rayonunun Daşlıyataq kəndində yerli sakinlərin iştirakı ilə keçirilib.

QHT.az xəbər verir ki, layihə rəhbəri Gülsənəm Əmrahovanın verdiyi məlumata görə, 24 iyul 2026-cı il tarixində rayonun Daşlıyataq kəndində yerli sakinlərin iştirakı ilə keçirilən tədbirdə yaşıllaşdırma aksiyalarının təşkili barədə ətraflı məlumat verilib. İştirakçıların fikir və təklifləri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin baş məsləhətçisi Rəşad Əmrahov, təlimçi-konsultant Tural Məmmədov, Daşlıyataq kənd ibtidai məktəbinin direktoru Lalə Quliyeva, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Mirsəid Mirizadə və Ağalıq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin baş məsləhətçisi Elçin Qarazadə layihə çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışaraq təbiətin qorunmasının, zənginləşdirilməsinin, yaşıllıq sahələrinin artırılmasının və onların gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın borcu olduğunu vurğulayıblar.

Kənd sakini Cəfər Sufiyev vətəndaşlar adından layihə çərçivəsində Təzəkənd kəndində keçiriləcək iməcilik aksiyasını alqışlayıb və belə tədbirlərin davamlı keçirilməsini arzulayıb.