Müzakirənin PƏRDƏARXASI: “"Qovğa” var, proseslər məcradan çıxa bilər”

“Fikrimcə, yaxın günlərdə Ərdoğanla Putin arasında da telefon danışığı keçiriləcək”

“Müzakirənin nəticəsindən asılı olaraq regionda sabitlik təmin ola bilər. Amma şərtlərimiz yerinə yetirilməlidir”

“Terrorçular Qarabağdan çıxarılmalıdır. Sərhəddə atəşkəs tam təmin edilməlidir”

“Eyni zamanda Zəngəzur dəhlizi açılmalı və Laçın dəhlizindən gediş-gəliş qeydiyyata alınmalıdır. Əks halda Laçın dəhlizinin bağlanması gündəmə gələcək”



Prezident İlham Əliyev bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb. Dialoq zamanı Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar müzakirə edilib. Dövlət başçısı Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib. Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.
 
“Sherg.az” olaraq siyasi analitik Samir Hümbətovla liderlər arasındakı telefon danışığının regiona təsirini müzakirə etdik:

- Sözügeden dialoq nə ilə bağlı ola bilər?

- Dünən Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi. Verilən bəyanatda Ermənistanın təxribatlarının artdığı nəzərə çatdırılırdı. Bundan sonra rus qoşunları Qazağın Əskipara kəndində peyda oldu. Fikrimcə, liderlər arasında bu məsələ müzakirə olunub.

- Yeri gəlmişkən, rus ordusunun Qazaxda nə işi var?

- Bəziləri düşünürlər ki, bu, yeddi kəndin qaytarılması ilə bağlıdır. Amma inanmıram. Rusiya hakimiyyəti təxribatların artacağını başa düşür. Şübhəsiz ki, bu, Moskvaya olan etimadı aşağı salacaq. Tərəflər arasındakı ciddi toqquşma zamanı Rusiya ya Azərbaycan və Türkiyə ilə müharibəyə başlamalı, ya səssiz qalmalı, ya da Ermənistanı susdurmalıdır. Kreml bunların heç birin istəmir. Ona görə də qoşunu Qazağa yığmaqla erməni cəmiyyətinin rəğbətini qazanmaq niyyətindədir.

- Bundan sonra nələr olacaq?

- Sülhməramlılar olan digər yerlərdə atəşkəs daim pozulduğu kimi, Qazax istiqamətində də pozulacaq. Bir neçə gün əvvəl Rusiya dövlət başçısı Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyana təbrik məktubu göndərmişdi. Bu gün Azərbaycan və Türkiyə dövlət başçıları arasında telefon danışığı olub. Deməli, regionda “qovğa” var. Proseslər məcradan çıxa bilər. Fikrimcə, yaxın günlərdə Ərdoğanla Putin arasında da telefon danışığı keçiriləcək. Müzakirənin nəticəsindən asılı olaraq regionda sabitlik təmin ola bilər. Amma şərtlərimiz yerinə yetirilməlidir.

- Söhbət hansı şərtlərdən gedir?

- Terrorçular Qarabağdan çıxarılmalıdır. Sərhəddə atəşkəs tam təmin edilməlidir. Eyni zamanda Zəngəzur dəhlizi açılmalı və Laçın dəhlizindən gediş-gəliş qeydiyyata alınmalıdır. Əks halda Laçın dəhlizinin bağlanması gündəmə gələcək. Düşünürəm ki, bundan sonra atılan bütün addımlardan əvvəl Bakı ilə Ankara arasında ciddi məsləhətləşmələr aparılacaq. “Bakı Bəyannaməsi”, “Şuşa bəyannaməsi” buna zəmin yaradır. Kreml də Türkiyənin proseslərdə əsas “oyunçu” olduğunu yaxşı anlayır.

- Növbəti anti-terror əməliyyatlarının başlanması ehtimalı nə qədərdir?

- Bu, istisna deyil. Həra halda Rusiya qoşununu Qazağa yerləşdirə bilməsə, təxribatlar artacaq. Nəzərə almaq lazımdır ki, Qarabağda sülhməramlılar bütün əraziyə nəzarət etmirlər. Orada 16 və postlar arasında 10-15 kilometr məsafə var. Ermənilər həmin aralıqda asanlıqla təxribat törədirlər. Deməli, bizim anti-terror əməliyyatı keçirməyimiz üçün də hansısa əngəl yoxdur. Lakin, bu, şimal qonşumuzun imicinə ziddi zərbə olacaq.
Dediyim kimi, proseslərin bundan sonrakı inkişafı Ərdoğanla Putin arasında keçiriləcək telefon danışığının nəticəsindən asılıdır.