İki il ötdü

"Qürurla, fəxrlə Kəlbəcərimizin bərpasına köklənmişik"

Elxan Salahov: "Kəndlərimizdə rahat və firəvan həyat qurmaq üçün özümüzün nələr edə biləcəyimizi götür-qoy edirik!"

  Kəlbəcər 2 ildir ki azaddır. 2 ildir ki, Kəlbəcər dərindən nəfəs alır. Daşı, torpağı mənfur düşmənin tapdağında deyil daha.  Kəlbəcərin səması da təmizdir. Çayları, bulaqları da 28 il əvvəlki kimi şaqraq, sevincək axır. 2 il əvvəl mənfur düşmən Kəlbəcərə od vuraraq onu tərk etdi. Sandılar ki, bununla Kəlbəcəri yandırıb-yaxacaqlar. Bacarmadılar. Azərbaycan əsgəri kəlbəcərlilərin ürəyində bir vaxtlar qalanmış odu da söndürdü, meşələri, çölləri də xilas etdi. Şəhid qanı ilə suvarılmış, neçə-neçə qız-gəlinin, qoca, cavanın ah-naləsinə şahidlik etmiş Kəlbəcər müzəffər Ali Baş Komandanın dəmir iradəsi və ordumuzun qalibiyyəti ilə azad oldu. Ermənilərin Kəlbəcərdə törətdiyi vəhşiliklər isə tarixin səhifələrindən heç vaxt silinməyəcək. 

  Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

  İşğaldan azad olunduqdan sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları oradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbə

  Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyev Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlar haqqında danışarkən demişdi ki, ikinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilib: “Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi”.
  Zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik bu diyarda bərpa-quruculuq işlərinə start verilib. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ötən il avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulub. Səfər zamanı, həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyan dövlətimizin başçısı avtomobil yollarının, tunellərin tikintisinin əhəmiyyətini vurğulayıb. 

  Kəlbəcərin azadlığının ikinci ildönümü münasibətilə, araşdırmaçı jurnalist, yazıçı, qəddar erməni vəhşiliyinə, insanlığa utanc gətirən işgəncələrə şahidlik etmiş  Başlıbel kəndindən olan, “Qanlı Kaha” kitabının və “Başlıbel: mühasirə gündəliyi” sənədli filminin müəllifi Elxan Salahov fikirlərini bölüşüb: 

- Kəlbəcərin işğaldan azad edilməsinin ikinci ildönümü tamam olur! 2020-ci il 25 noyabr həyatımızın ən xoşbəxt günü idi! İki ildir böyük ümidlə, qürurla, əzmlə Kəlbəcərimizin bərpasına köklənmişik, işğaldan azad olunmuş kəndlərimizə qayıdış, rahat və firəvan həyat qurmaq üçün özümüzün nələr edə biləcəyimizi götür-qoy edirik! Bu günü bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı, ordumuza və dövlətimizə güc-qüvvət arzulayıram! Şükür Allaha ki, bu qürurlu günləri bir millət olaraq yaşamağı bizlərə qismət etdi!
Azadlığın mübarəkdir, Kəlbəcər!