11 il əvvəl türk zabitini şəhid edən terrorçu və iki köməkçisi saxlanıldı

2015-ci ildə Jandarma mayoru Arslan Kulaksızı ailəsinin yanında qətlə yetirən və 11 ildir axtarışda olan şübhəli, eləcə də ona yardım edən iki nəfər Türkiyənin Bitlis vilayətində keçirilən birgə əməliyyatla saxlanılıb.

Sherg.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat Jandarma Baş Komandanlığının Kəşfiyyat İdarəsi, Terrorla Mübarizə İdarəsi, Muş vilayətinin Jandarma Komandanlığı, eləcə də Muş və Bitlis polis idarələrinin birgə koordinasiyası ilə həyata keçirilib.

Əsas şübhəli İ.Y. Tatvan rayonunda gizləndiyi ünvanda tutulub. Davam edən əməliyyat tədbirləri nəticəsində ona yardım və gizlənməsinə şərait yaratmaqda şübhəli bilinən daha iki nəfər də saxlanılıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi əməliyyatı şərh edərkən bildirib ki, dövlət şəhidlərini unutmur və cinayətkarlar törətdikləri əməllərə görə gec-tez cavab verirlər.

Qeyd edək ki, Arslan Kulaksız 27 iyul 2015-ci ildə ailəsinin yanında silahlı hücuma məruz qalaraq şəhid olub.