Paşinyanın planı baş tutmadı - POLİTOLOQ

Gümrü şəhər əhalisi bu dəfə heyfini baş nazirdən çıxdı

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası martın 30-da ölkənin ikinci ən böyük şəhəri Gümrüdə keçirilən bələdiyyə seçkilərində ən çox səs toplamasına baxmayaraq, şəhərə nəzarəti itirmək riski ilə üzləşib. Seçicilər şəhər merini təyin etmək səlahiyyətinə malik yeni Şuranı seçmək üçün səs veriblər. İqtidarda olan "Vətəndaş müqaviləsi" Partiyası səslərin 36.8 faizini toplayıb və mütləq çoxluğu əldə edə bilməyib. Onun ehtimal müttəfiqi - qərbyönlü "Avroalyans" bloku da Şurada təmsil olunmaq üçün tələb olunan 6 faizlik səs həddini keçə bilməyib. Ermənistan Kommunist Partiyası və onun merliyə namizədi Vardan Qukasyan 20.7 faiz səs toplayaraq ikinci yeri tutub. Onu müxalif deputat Martun Qriqoryanın rəhbərlik etdiyi "Bizim şəhər" bloku izləyib, bu blok təxminən 15.9 faiz səs toplayıb. Tanınmış televiziya prodüseri Ruben Mxitaryan və iş adamı Karen Simonyanın başçılıq etdiyi digər iki müxalifət qrupu yeni şəhər Şurasında təmsil olunmaq şansı əldə edib. Beləliklə, dörd müxalif namizəd Şuradakı 33 yerdən azı 18-ni qazana bilər. Bu da onlara Gümrü meri vəzifəsinə ortaq namizəd təyin etmək imkanı verir. İqtidara yaxın media qurumları belə Gümrü şəhər merinin müxalifətdən olacağı barədə fikirlər paylaşırlar. 

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Nikol Paşinyanın niyyəti müttəfiqi "Avroalyans" blokunun şəhər məclisinə girməsi və koalisiya quraraq Gümrünün müxalifətin əlinə keçməsinə mane olmaq idi. Ancaq baş nazirin planı baş tutmadı. Ekspertin fikrincə, müxalif partiyalarla ortaq dil tapılması ehtimalı da azdır: 

"Gümrü şəhər meriyasının məclisinə girmiş müxalif partiyaların iqtidarla arası yaxşı deyil. Onlar Paşinyan hökumətinin sərt tənqidçiləridir. Söhbət müxalifətin 2018-ci ildə, yəni Paşinyan hakimiyyətə gəldikdən sonra ilk dəfə psixoloji üstünlüyü ələ keçirmək şansının yaranmasıdır. Əgər müxalif partiyalar birlik yaradıb Gümrü rəhbərliyə öz aralarından birini seçə bilsələr, o zaman növbəti parlament seçkilərində iqtidar qarşısında üstünlüyü ələ keçirə bilərlər. Ancaq nəzərə alaq ki, erməni müxalifəti hazırda parçalanmış vəziyyətdədir və bir-birinə qarşı olduqca sərt ittihamlar səsləndirirlər. Nikol Paşinyanın Gümrüdə tam qələbə çala bilməməsinin əsas səbəbi şübhəsiz ki, şəhərin yerli administrasiyasına qarşı qaldırılan ittihamlar oldu. 2021-ci il seçkilərində qalib gələn yerli blokun qeyri-rəsmi liderlərinə qaldırılan cinayət işindən sonra Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası Gümrü şəhər Məclisinə nəzarəti ələ keçirmişdi. Şəhər əhalisi bu dəfə bunun heyfini baş nazirdən çıxdı". 

Z.Əmrəliyev əlavə edib ki, digər məsələ Donald Trampın xarici maliyyə yardımlarını kəsməsi səbəbi ilə Qərbdən Ermənistana gələn pul axının əhəmiyyətli dərəcədə azalmasıdır: 

"Qərb dairələri istər müxtəlif QHT-lər, istərsə də dövlət səviyyəsində Ermənistana əvvəlki qədər maliyyə yardımı ayırmır. Bu isə bir çox layihənin yarımçıq qalmasına səbəb olub. Gənclər də bu vəziyyətdən narazıdır. İrəvandan fərqli olaraq Gümrüdə əhalinin böyük əksəriyyətini gənclər təşkil edir. Bu da seçki nəticələrinə təsir etdi. Son seçkilər onu da göstərdi ki, "Qarabağ kartı" artıq Ermənistan siyasətində həlledici amil deyil. Çünki Qarabağla bağlı pafoslu bəyanatlar verənlərin heç biri seçkidə ciddi uğur qazana bilmədi".