ABŞ-nin planı hələ də müəmmalı olaraq qalır -Analitik

“Trampın İran müharibəsi haqda son açıqlamaları, “danışıqlara hazır olduğunu”, eyni zamanda, “hücumların 4 həftə və daha az -məqsədə çatana qədər davam edəcəyi” sözləri ABŞ-nin hədəflərinə dair fikirləri inkişaf etdirir”. 

Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, mövcud situasiyada nə Vaşinqtonda, nə Təl-Əvivdə İranın parçalanma senarisinin olmadığı, əsas hədəfin rejimi dəyişmək olduğu aydın görünür:

“ Bu hədəf fonunda danışıqlar yalnız ABŞ və İsrail tələblərinin - nüvə proqramından imtina, zənginləşdirilmiş uranın çıxarılması, proksi qüvvələrə dəstəyin dayandırılması, kompleks şəkildə qəbul ediləcəyi təqdirdə mümkündür. Xameneinin ölümündən sonra rejimin bu tələbləri qəbul etməsi təslim olması deməkdir. ABŞ isə İranın mövqeyinin bu və ya digər formada nəzərə alındığı danışıqlarda maraqlı deyil”.

Analitik vurğulayıb ki, Trampın “danışıqlarla” bağlı mesajı rejim daxilində anlaşmaq istəyən qüvvələrə ünvanlanıb və danışıqlar olmasa belə, ən azı daxili qarşıdurmanı körükləmək məqsədi daşıyır:

“ Danışıqlardan imtina edən rejimin əlini gücləndirən əsas məqam isə quru əməliyyatlarının hələ də istisna edilməsidir. Tehranda hesab edirlər ki, hücumlara bir neçə gün dözə bilsələr, qurudan əməliyyat keçirə bilməyən ABŞ və İsrail onların mövqeyinin nəzərə alındığı danışıqlara razı ola bilər. İranın “tarana getmək” xarakterli hücumları, Körfəzdən Kiprə qədər uzanan coğrafiyada raketdən istifadəsi də müharibənin arealını genişləndirməklə ABŞ-nin geri çəkilməsini təmin etməyə hesablanıb. Bu kontekstdə Trampın “hücumların 4 həftə çəkə biləcəyi” haqda dedikləri maraqlıdır. İlk mərhələdə Xamenei də daxil olmaqla hərb-siyasi elita sıradan çıxarıldı. İkinci mərhələdə hava məkanı nəzarətə götürülə, daha sonra nüvə obyektləri, ballistik raketlər, enerji və lojistik infrastruktur hədəf ola bilər. Hava zərbələri hədəfə tam çatdıqdan sonra da quru əməliyyatları olmadığı təqdirdə rejimin devrilməsi ehtimalı güclənmir. Görünür, ABŞ-də müxtəlif senarilər də hazırlanır:

- Silahlı xalq üsyanının başlanması;

- Təhlükəsizlik qüvvələrinin bir hissəsinin xalqı tərəfinə keçməsi ehtimalı;

- Daxildə müxtəlif silahlı qrupların (kürdlər və digərləri) hərəkətə keçməsi;

- Rejim daxilində anlaşma tərəfdarı olanların radikal qanad üzərində nəzarəti ələ alması və razılaşmaya gəlməsi;

ABŞ-nin planı hələ də müəmmalı olaraq qalır, yaxud da Vaşinqtonun hadisələrin inkişafına uyğun hərəkət edəcək”.