Gürcüstan Baş naziri: Orta Dəhlizin əhəmiyyəti xeyli artıb

“Son iki ildə Orta Dəhliz layihəsinin əhəmiyyəti xeyli artıb”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsi sammitində deyib.

O bildirib ki, Gürcüstan kiçik ölkə olsa da, strateji vacib mövqeyə malikdir və əhəmiyyətli uğurlara nail olub.

“Biz strateji mövqeyimizdən istifadə edirik, nəqliyyat bağlantılarının möhkəmləndirilməsi baxımından çox iddialı planlarımız var və infrastruktura sərmayələr yatırırıq, magistral yollar çəkirik. 2030-cu ilədək bütün seqmentlərin tikintisi başa çatacaq. Gürcüstanda dəmir yolu infrastrukturu inkişaf etdirilir, dəmir yolları və dəniz limanları modernləşdirilir”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Gürcüstanın bir çox ölkə ilə azad ticarət sazişlərinin olması, ən aşağı vergi dərəcələri və aşağı korrupsiya səviyyəsi ölkəni Orta Dəhlizdə çox vacib bir dayağa çevirir.