Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili ilə prosessual razılaşma əldə olunub. Razılaşmaya əsasən, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb.
Prokurorluğun bildirdiyinə görə, İrakli Qaribaşviliyə əlavə cəza olaraq 1 milyon lari məbləğində cərimə də tətbiq olunub.
İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edərək, prosessual razılaşmanın şərtləri ilə razılaşıb. Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatəti məhkəmə tərəfindən artıq təmin edilib.
Oktyabrın 22-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, sabiq baş nazir İrakli Qaribaşvili Antikorrupsiya Agentliyində dindirilib, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.