İrakli Kobaxidze müxalifət liderlərini debata çağırdı

Gürcüstan Baş naziri İrakli Kobaxidze müxalifət liderləri ilə televiziya debatlarında iştirak etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə danışıb.

Baş nazir deyib ki, Gürcüstanda siyasi rəqiblər arasında debatlar yenidən başlamalıdır. Onun sözlərinə görə, debatlar demokratiyanın fundamental prinsiplərindən biridir və bu prinsiplər gürcü xalqına qaytarılmalıdır ki, onlar düzgün təhlillərə əsaslanaraq və bütün tərəfləri dinləyərək nəticə çıxara bilsinlər.

“İstənilən formatda sağlam müzakirədə iştirak etməkdən məmnun olaram”, - Kobaxidze qeyd edib.

Gürcüstan lideri hesab edir ki, televiziya debatları məzmunlu və tematik olmalıdır. O, yayımçıların tezliklə uyğun format barədə razılığa gələcəklərinə ümid etdiyini bildirib. Kobaxidze həmçinin sağlam müzakirəni cəmiyyətdə qütbləşmənin aradan qaldırılmasının yeganə yolu adlandırıb.