İran prezidenti: “ABŞ, İsrail və Avropa ilə total müharibədəyik”

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkə hazırda ABŞ, İsrail və bir sıra Avropa dövlətləri ilə faktiki olaraq “total müharibə” vəziyyətindədir.

Sherg.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, İrana qarşı hərtərəfli qarşıdurma aparılır və bu proses dövlətin zəiflədilməsinə, daxili dayanıqlığının sarsıdılmasına yönəlib.

Pezeşkian bildirib ki, adıçəkilən ölkələr İranın müstəqil və güclü inkişafında maraqlı deyillər. Prezident vurğulayıb ki, təzyiqlər sistemli xarakter daşıyır və yalnız siyasi müstəvidə deyil, cəmiyyətin digər sahələrində də özünü göstərir.

İran liderinin sözlərinə əsasən, ABŞ, İsrail və Avropa dövlətləri Tehranın beynəlxalq arenada təcrid olunmasına çalışır və eyni vaxtda mədəniyyət, siyasət, təhlükəsizlik və ticarət sahələrində təzyiqləri artırırlar. Onun fikrincə, bu çoxsəviyyəli təzyiq ümumi “saxlama strategiyası”nın tərkib hissəsidir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşdə İrana qarşı yeni zərbələrin zəruriliyi məsələsini qaldırmağa hazırlaşdığı barədə məlumatlar yayılmışdı.