İran Prezidenti etirazlarla bağlı danışdı: “Xalqı dinləməyə hazırıq”

İranda həyat bahalılığı ilə başlayan və sonradan rejim əleyhinə aksiyalara çevrilən etirazlar 180 şəhərdə davam edir. Etirazlarla bağlı İran Prezidenti Məsud Pezeşkiyan açıqlama verərək bildirib ki, “mövcud nizam xalqı dinləməyə hazırdır”.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran etirazları ilə bağlı Tehrana xəbərdarlıq edərək, nümayişçilərə qarşı güc tətbiq edilməməli olduğunu bildirmişdi. Daha sonra yenidən açıqlama verən Tramp İranın müstəqilliyi hər zamankindən daha çox axtardığını deyib və “Bu məsələdə kömək etməyə hazırıq” ifadəsini işlədib.

İran Prezidenti Məsud Pezeşkiyan etirazlarla bağlı çıxışında ABŞ və İsrailin ölkədə xaos və qarışıqlıq yaratmaq istədiyini iddia edib. O, İran vətəndaşlarını “yağmacılardan və terrorçulardan uzaq durmağa” çağırıb. Pezeşkiyan bildirib ki, “xarici güclərlə əlaqəli terrorçular günahsız insanları öldürür, məscidləri yandırır və dövlət əmlakına hücum edirlər”.

Prezident əlavə edib ki, hökumət xalqın iqtisadi problemlərini həll etməkdə qərarlıdır və “mövcud nizam xalqı dinləməyə hazırdır”.

Pezeşkiyan açıqlamalarında İsraili də hədəfə alaraq, “İsrail üsyançılara İranda sabitliyi pozmaq barədə göstəriş verir” deyib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın mümkün müdaxilə təhdidlərinə sərt reaksiya verib. O bildirib ki, ABŞ-ın hər hansı hücumu cavabsız qalmayacaq və İran İsraili, eləcə də bölgədəki ABŞ hərbi bazalarını legitim hədəf hesab edəcək.

"Reuters"-ə danışan israilli rəsmilər İsrailin İrana mümkün ABŞ müdaxiləsi ehtimalına görə həyəcan vəziyyətində olduğunu bildiriblər. Təhlükəsizlik məsələlərinə cavabdeh məsləhətçilərin bunun nəyi ifadə etdiyini dəqiqləşdirmədiyi qeyd olunur.

ABŞ rəsmiləri isə ABŞ Dövlət katibi Marko Rubio ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı aparıldığını açıqlayıb. Məlumata görə, söhbətdə Qəzza və Suriya ilə yanaşı, İrana mümkün ABŞ müdaxiləsi də müzakirə olunub.

Netanyahu ötən həftə verdiyi müsahibədə “Əgər İran İsrailə hücum edərsə, bunun çox ağır nəticələri olar” deyərək, “İranın daxilində baş verənləri diqqətlə izləməliyik” ifadələrini işlətmişdi.

2025-ci ilin iyun ayında baş vermiş 12 Günlük Müharibə zamanı İsrail və İran bir-birinə raket zərbələri endirmiş, ABŞ isə İsrailə dəstək məqsədilə İrana hava hücumları həyata keçirmişdi.