İsraillə 12 günlük müharibə İranı təhlükəsizlik doktrinasını dəyişməyə məcbur edib. Tehran hazırda İsraillə irimiqyaslı toqquşmaya hazır olub-olmadığını qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb.
İsrail nəşrinin yazdığına görə, İran raket proqramını yenidən qurur, raketlərin mənzilini artırır, eləcə də, “Hizbullah”ın yenidən silahlandırılması və bərpası üzərində işləyir.
Məqalə müəllifi bildirib ki, İran hökumətinin yüksək səviyyəli rəsmiləri Ali dini rəhbər Əli Xameneidən nüvə silahının istehsalına icazə verməyi tələb edirlər. Qeyd olunub ki, 70-dən çox deputat Prezident Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə məktub göndərərək, ali rəhbərin fətvasının dəyişdirilməsi və nüvə bombası istehsalı və saxlanmasına başlanılmasını istəyib.
Müəllifin fikrincə, Təl-Əviv yaranmaqda olan təhlükəyə hazır olmalı və İran hökuməti və proksi qüvvələrinin İsrailə qarşı çoxcəbhəli zərbə planlarını diqqətlə izləməlidir:
“Tehrana öz proksi qüvvələrini yenidən qurmağa imkan verilsə, bu, çoxcəbhəli hücum üçün motivasiya ola bilər. İran rəhbərliyinin - Xameneidən tutmuş Silahlı Qüvvələrin sözçüsü Əbülfəzl Şəkərçiyə qədər açıqlamaları göstərir ki, Tehran hələ də İsraili məhv etmək hədəfinə sadiqdir”.
KİV-in məlumatına görə, İran İsraillə ehtimal olunan yeni qarşıdurmaya hazırlığı sürətləndirib:
“İsrailin yeni hücum ehtimalı Tehranda ciddi narahatlıq doğurduğundan, İran və regiondakı proksi qüvvələri, xüsusən Yəməndə “Ənsarallah”, Livanda “Hizbullah” silahlanmanı sürətləndirib, həmçinin Fələstin və Suriyadakı terror təşkilatlarına İsrailə hücum üçün silah qaçaqmalçılığını artırıb”.