İranda toqquşmalarda ölənlərin və yaralananların sayı artır - YENİLƏNİB

Mətbuatda yayılan məlumatlara görə, İranın qərbində polislə qarşıdurmalar nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb.

APA xəbər verir ki, daha öncə “Fars” xəbər agentliyi Lordegan şəhərində polislə etirazçılar arasında toqquşma baş verdiyi, ən azı iki polis məmurunun öldüyü və bir neçəsinin yaralandığı barədə məlumat yaymışdı.

“Press TV“ də qərbdəki Kuhdəşt şəhərində bir könüllü və bir “Bəsic” üzvünün ölümü barədə məlumat vermişdi.

***

İranın Loristan əyalətində yüksək inflyasiyaya qarşı keçirilən etirazlar zamanı baş verən iğtişaşlarda bir təhlükəsizlik əməkdaşı həlak olub, 7 nəfər isə saxlanılıb. İranda yüksək inflyasiya səbəbindən başlayan etirazlar dördüncü günündə davam edərkən ilk insan itkisi yaşanıb.

APA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin qərbində yerləşən Loristan əyalətində keçirilən etirazlar zamanı Emir Hüseyn Hodayarifər adlı təhlükəsizlik əməkdaşının həyatını itirdiyini açıqlayıb.