Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə çoxsaylı insan İrəvanın küçələrində kütləvi dini yürüşə çıxıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, yürüşün əsas məqsədləri arasında “Müqəddəs İsa Məsihin doğumunun qeyd olunması, Erməni Kilsəsinin müqəddəs ənənəsinə sadiqliyin nümayiş etdirilməsi və ən əsası onun kilsə islahatlarını dəstəkləmək durur”.
“Vacib məqsəd isə bir qrup yepiskopla birgə verdiyimiz bəyanat çərçivəsində kilsə islahatını dəstəkləməkdir”, - o bildirib.
Baş nazir əlavə edib ki, eyni zamanda, yürüş dövlətçiliyə dəstək ifadə etmək, Erməni Kilsəsinin faktiki rəhbəri və yaxın ətrafının dövlətin suverenliyi və müstəqilliyinə qarşı hibrid mübarizə vasitəsi kimi kilsədən istifadə etməsinin qəbuledilməz olduğunu vurğulamaq məqsədi daşıyır. Paşinyan qeyd edib ki, belə praktikaların davam etdirilməsinə imkan verilməyəcək.
O, yürüşün “təbiətcə dinc, xristian sevgisi ilə dolu və Erməni Kilsəsinin islahatı istiqamətində qətiyyətlə keçiriləcəyini” bəyan edib.
“Yürüş Sayat Nova və Abovyan küçələrinin kəsişməsində başa çatacaq və burada qısa, çox qısa bir yığıncaq keçiriləcək”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, ötən ilin may ayından bəri Ermənistan hakimiyyəti bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edir.