İvanişvilinin komandası problemi dərinləşdirir - RƏY

“Vaşinqton və Tbilisi arasında yaxınlaşma çətindir, Kremlin təsiri hələ də böyükdür”

ABŞ-Gürcüstan münasibətlərində yeni bir mərhələ başlayır. ABŞ administrasiyası Gürcüstanla münasibətlərin bərpası və strateji əlaqələrin yeni müstəviyə keçirilməsi məqsədilə xüsusi texniki qrup hazırlayacaq.

Bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İtaliyanın Milan şəhərində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə keçirdiyi görüşün yekunlarına dair açıqlamasında bildirib.

Görüş zamanı tərəflər iki ölkə arasındakı mövcud vəziyyəti və əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. M. Kavelaşvilinin sözlərinə görə, ABŞ tərəfi münasibətlərin "təmiz səhifədən" başlanması üçün texniki heyətin formalaşdırılmasına hazır olduğunu təsdiqləyib.

Qeyd edək ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik 2024-cü ilin sonundan hökm sürür. Həmin il noyabrın 30-da Vaşinqton 2009-cu ildə əsası qoyulmuş strateji tərəfdaşlığı Tbilisi ilə dayandırmışdı.

Siyasi şərhçi Sona Əliyeva “Sherg.az”a bildirib ki, Bidzina İvanişvilinin komandası hakimiyyətdən getmədikcə ABŞ-Gürcüstan münasibətləri qaydasına düşməyəcək:

“Bu tipli görüşlər mütəmadi keçirilir. Yəni protokol tipli ənənəvi görüşlərdir. Amma qlobal maneələr aradan qalxmadıqca amerikalılarla gürcülərin münasibəti isnişməyəcək. Çünki İvanişvilinin komandası Rusiya amilini heçə saya bilmir. Əgər Tbilisi və Vaşinqton arasında hər hansı bir yaxınlaşma strateji müttəfiqıik səviyyəsinə qalxarsa, Kreml bunun cavabını çox sərt verəcək. Düşünürəm ki, hazırda vəziyyət Kremlin xeyrinədir və Vaşinqton sadəcə nəbz yoxlaması üçün müəyyən görüşlər keçirir. Hələ qarşıdakı iki il ərzində Rusiyadan kənarda ABŞ Gürcüstan münasibətlərinin düzələcəyi bu baxımdan, inandırəcı görünmür”.