“Ermənistan ordusunda ikili tabelik ola bilməz”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin kapellanların yenidən tabeliyə verilməsi ilə bağlı səs-küy doğuran qərarını şərh edərkən deyib.
Müdafiə nazirinin əmrinə əsasən, fevralın 1-dən etibarən Eçmiədzin Ali Taxtı tərəfindən təyin olunmuş kapellanların xidməti dayandırılıb. Müddətli həqiqi hərbi xidmət keçən erməni kilsəsinin hərbi qulluqçu-din xadimləri Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq İdarəsi və birbaşa olaraq hərbi hissə komandirlərinin tabeliyinə veriləcək.
“Orduda, Silahlı Qüvvələrdə ikili tabelik ola bilməz”, - Papikyan vurğulayıb.
Müdafiə nazirinin sözlərinə görə, xidmətin formatı dəyişdirilib və orduda dini xidmətin dayandırılması ilə bağlı iddialar spekulyasiyadır: “Orduda bu xidmət davam etdirilə bilər, sadəcə onlar (kapellanlar) Silahlı Qüvvələrin müvafiq idarəsinə tabe olmalıdırlar”.