Kreml bacarmadı: Zəngəzur dəhlizində Rusiyaya yer yoxdur

Ermənistandakı rus nəzarəti iflic vəziyyətdədir
Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək. Overçuk görüşün Rusiyada olacağını deyib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu mövcuddur. Onun sözlərinə görə, bu qurum Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının doqquzuncu bəndinin icrası üzərində çalışır. Overçuk əlavə edib ki, üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərin həllində tərəflərin nə qədər irəlilədiyini bilməkdə maraqlıdırlar: "Bəzi nüanslar Rusiya Federasiyasının Cənubi Qafqazdakı maraqlarına, ilk növbədə, dəmir yolu kommunikasiyalarının inkişafı baxımından təsir göstərir. Ona görə də həmin nüansların tapılıb-tapılmadığını eşitməkdə çox maraqlı olacağıq. Əgər bütün bu məsələlər həll olunubsa, biz bunu hesablamaların texniki-iqtisadi əsaslandırma müstəvisinə çevirməli, bu layihələrin iqtisadi tərəflərinə nəzər salmalı və blokun açılması ilə məşğul olmalıyıq. Amma yenə də bunun üçün, əlbəttə ki, Ermənistan və Azərbaycanla əldə etdiyimiz və yekunlaşdırdığımız qarşılıqlı fəaliyyət çərçivəsində üçtərəfli səylər tələb olunacaq". Overçuk gələn həftə Ermənistana səfər edəcəyini, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfərinin gözlənildiyini, habelə "Tramp marşrutu"nun yaradılması məsələsində Rusiyanın Ermənistanı dəstəklədiyini bildirib. 
Politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsi artıq tam olaraq əhəmiyyətini itirmiş sayılır. Ekspert deyib ki, Vaşinqton görüşündə imzalanmış Birgə Bəyannamə və Ermənistan-ABŞ anlaşması göstərdi ki, Zəngəzur dəhlizində nəzarəti Amerikaya məxsus xüsusi şirkətin əməkdaşları həyata keçirəcək: 
"Bu razılaşma və ABŞ şirkətinin bölgəyə gəlməsi dəhlizin rus hərbçiləri tərəfindən mühafizəsini mümkünsüz edir. Yəni marşrut boyunca rus sərhədçilərinin yerləşdirilməsi, xüsusi nəzarət məntəqələrinin qurulması və paralel olaraq ABŞ şirkətinin orada təhlükəsizliyə nəzarət mexanizmini həyata keçirməsi qeyri-mümkündür. Bu, ciddi suallar doğuran məsələdir. Overçuk sadəcə Rusiyanın indiki mövqeyini diqqətə çatdırır. Əslində, Rusiya üçün kifayət qədər zaman var idi ki, Zəngəzur dəhlizinin açılmasına nail olsun və yola nəzarəti öz əlinə alsın. Ermənistanın dəmiryolları Rusiyanın nəzarətindədir. Ancaq ötən müddət ərzində Moskvanın İrəvanla danışıqları nəticəsiz qaldı. Rusiya bacara bilmədi. Moskvanın yeni reallıqlara necə uyğunlaşacağını zaman göstərəcək. Hazırda mövqelər kifayət qədər ziddiyyətlidir və bu da regionda gərginliyi artıra bilər. Xatırladım ki, N.Paşinyan Moskvaya çağırış etmişdi ki, Rusiya istəsə, dəmiryol xəttinin bərpası ilə məşğul ola bilər. Rusiyaya məxsus şirkətlərin bərpa prosesində iştirakı mümkündür".