Erməni Apostol Kilsəsi (Eşmiədzin) baş nazir Nikol Paşinyana güc nümayiş etdirir. Kilsənin bəyanatı bunu deməyə əsas verir: “Ermənistan Baş naziri Nikol Paşinyan və onu dəstəkləyən on yepiskopun hərəkətləri kilsədə parçalanmaya səbəb ola bilər”. Bəyanatda vurğulanır ki, baş nazir kilsə məsələlərini həll etmək bəhanəsi ilə Erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxilə edir, bununla da onun hüquqlarını tapdalayır və Konstitusiyanı pozur. Eçmiədzin həmçinin yepiskopların bu proseslərdə iştirakı və ruhanilərə təzyiqin qəbuledilməz və pislənilməli olduğunu bildirib: “Bu cür düşünülməmiş hərəkətlər parçalanmaya səbəb ola bilər və bunun ağır nəticələri olacaq”.
Xatırladaq ki, 2025-ci il dekabrın 8-də Ermənistan Baş naziri Nikol Paşinyan “Erməni Apostol Kilsəsinin yenilənməsi” planını təqdim edərək bunu yol xəritəsi adlandırıb. Yanvarın 4-də isə Nikol Paşinyan on yepiskopla birlikdə “Erməni Apostol Kilsəsinin təkmilləşdirilməsi üçün yol xəritəsi” adlı sənəd imzalayıb. Baş nazir yol xəritəsinin katolikos II Qaregindən sonrakı dövrü nəzərdə tutduğunu bəyan edib.
Erməni kilsəsi ilə baş nazir – hökumət arasında ziddiyyətin mövcudluğu bəllidir. N.Paşinyan kilsəni idarəetmə və nüfüzetmədən uzaqlşdırmağa çalışır və proses başlayıb artıq. Kilsə nə edəcək, onun hazırda yetərincə gücü varmı?
Siyasi şərhçi, araşdırmaçı jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “erməni millətçilik xəstəliyi”, “dənizdən dənizə Ermənistan” ideyasının mənbəyi və əsas ilhamverici qüvvəsinin hər zaman Erməni kilsəsi olduğu məlumdur:
- Mən tarixçi deyiləm. Amma erməni kilsəsinin tarixi araşdırılsa, yəqin ki, “qriqoryanlıq” adlanan bu cərəyanın kökündə də elə bu gün ermənilərin “xəstəliyinə” çevirilmiş ideyaların mayası tapılar. Bu gün baş nazir Nikol Paşinyan erməniləri bu xəstəlikdən müalicə etməyə çalışır. Və o bunu dəfələrlə bəyan edib ki, situasiyaya “real Ermənistan” prizmasından baxmaq lazımdır. Sözsüz ki, erməni kilsəsi bunu qəbul etməyəcək. Çünki bunun qəbul olunması bu günə qədər yaradılmış mifin dağılması, sonu deməkdir. Kilsənin kütləyə təsir imkanlarını qorumaq üçün yeni ideoloji bazası yoxdur. Paşinyanın isə ideoloji bazası “real Ermənistan”dır. Mifi dağıtmaq sözsüz ki, çətin olacaq. Amma Nikol Paşinyan bunu bacarsa “real Ermənistan”ın xilaskarı olacaq. Bu məsələdə təkcə kilsə yox, əsrlərlə kilsə tərəfindən qurulmuş miflərlə qidalanmış bir zümrə var ki, onlar daha təhlükəlidir. Mən onları şərti olaraq “intellektual millətçilər” adlandırardım. İntellektual millətçilər müasir sivil dünyanın dəyərləri ilə erməni millətçiliyini bir arada tutmaq bacarığına malik çox zəki insanlardı. Onların təfəkkürünü dəyişmək çox çətindir. Paşinyana əsas çətinliyi də məhz onlar yarada bilər. Amma baş nazirin bir üstünlüyü var ki o özü də bu zümrənin yetişdirməsidir. Yəni, dillərini bilir, onlarla necə danışmaq lazım olduğunu da.