Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Çoxtərəfli tədbirdən (MDB-nin qeyri-rəsmi sammitindən) sonra Putin Ermənistan Baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır”,-Kremlin nümayəndəsi qeyd edib.
Politoloq Yusif Bağırzadə Sherg.az-a mövzu ilə bağlı açıqlamasında Ermənistanın baş nazirinin MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılması barəsində də danışıb:

"Ənənəvi olaraq, Rusiyada ilin sonunda MDB məkanında olan dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir. Ermənistanın baş naziri də Rusiyada keçirilən Avrasiya İqtisadi Şurasının iclasına da qatıldı. Azərbaycandan, Gürcüstandan fərqli olaraq, Ermənistan Rusiya rəhbərliyində olan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bu çərçivədə də ilin sonunda Rusiyada tədbirlər keçirilir. Bundan başqa, Ermənistanın baş naziri MDB dövlət başçılarının qeyri-formal sammitinə də qatılıb. Həmin sammitdə Ermənistanın baş naziri çox pozitiv bir bəyanatla çıxış edərək, Azərbaycanın Ermənistanla Azərbaycan arasında tranzit blokadasının aradan qaldırılmasına və Ermənistanın yanacaq ehtiyacının ödənilməsinə verdiyi birbaşa dəstəyə görə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Bundan əlavə, Kremlin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Paşinyanın həm də Vladimir Putinlə ikitərəfli görüşü nəzərdə tutulur".
Politoloq Ermənistan hələ də Avrasiya İqtisadi Birliyinin, eyni zamanda Rusiya rəhbərliyində olan Gömrük İttifaqının üzvü olduğunu xatırladıb:
"İrəvan ODKB-yə (Hərbi-Siyasi Razılaşmalar Təşkilatı) üzvlüyünü də saxlayır. Bu üç formatda Ermənistan Rusiya ilə əməkdaşlıq edir. Yəqin ki, bu ikitərəfli münasibətlərdə, həmçinin Ermənistanın ODKB-də üzvlüyünü davam etdirib-etdirməməsi mövzusu da müzakirə olunacaq. Ermənistan bir müddətdir oradakı üzvlüyünü dayandırıb, rüsum ödəməyib. Xüsusilə Zəngəzur dəhlizi və digər məsələlər də iki dövlət başçısının fikir mübadiləsi mövzularına daxil ola bilər. Əldə olan məlumatlar və proqnozlar göstərir ki, 2026-cı ildə keçiriləcək seçkilərdə Rusiyanın Ermənistandakı proseslərə müdaxilə edib-etməməsi məsələsi də bu görüşdə müəyyən aydınlıq qazana bilər. Bu söhbətdən çox şey asıldır".