Politoloq:Tehran-Bakı münasibətlərinin əsas istiqamətləri üç vacib sahədə cəmləşir

İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri iki ölkə arasında dialoqun intensivləşdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir və Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır. Səfər həm də Tehran-Bakı münasibətlərinin Cənubi Qafqazdakı geosiyasi tarazlığa töhfə verə biləcək strateji məqamlarını göstərir.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında səfərin siyasi, iqtisadi və regional kontekstdəki əhəmiyyətini və onun mümkün nəticələrindən danışıb:

"İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri iki ölkə arasında son illərdə dəyişkən dinamika ilə müşayiət olunan münasibətlərin yenidən sabitləşdirilməsi baxımından vacib hadisə kimi dəyərləndirilə bilər. Tehranın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyinə dair siyasi mesajın səsləndirilməsi regional kontekstdə geosiyasi tarazlıq yaratmaq məqsədi daşıyır. Bu mənada Əraqçinin səfərini İranın Cənubi Qafqaz siyasəti kontekstindən nəzərdən keçirmək daha düzgün olar. Müşahidələr göstərir ki, hazırkı mərhələdə Tehran-Bakı münasibətlərinin əsas istiqamətləri üç vacib sahədə cəmləşir: Təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional geosiyasi balans. İranın sülh və sabitliklə bağlı vurğuları, xüsusilə də Cənubi Qafqazda kənar güclərin təsirinin məhdudlaşdırılması yönündəki mövqeyi, Bakının regional müstəvilərdəki prioritetləri ilə müəyyən mənada üst-üstə düşür. Bu baxımdan, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi həm sərhədboyu risklərin azalmasına, həm də qarşılıqlı etimad mühitinin güclənməsinə xidmət etməsi mümkündür".

Politoloq səfərin iqtisadi tərəflərindən də söz açıb:

"İran və Azərbaycan uzun müddətdir ki, nəqliyyat-logistika layihələri, enerji və tranzit sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, sərhəd ticarəti, birgə sənaye təşəbbüsləri və enerji mübadiləsi iki ölkənin qarşıdurmadan çox əməkdaşlığa söykənən modelinin formalaşmasına şərait yarada bilər. Əgər regional sabitlik təmin olunarsa, bu layihələrin həm iqtisadi dividendlər qazandıra, həm də hər iki ölkəni regionun mühüm tranzit qovşaqlarına çevirmə ehtimalı var. Bununla yanaşı, Tehran-Bakı münasibətləri həssas məqamlarla da müşayiət olunur. Regionun mürəkkəb geosiyasi mühiti, digər böyük aktorların təsir cəhdləri, nəqliyyat dəhlizləri ilə bağlı rəqabət və tərəflərin təhlükəsizlik narahatlıqları dialoqun davamlılığını zəruri edir". 

Ekspert Əraqçinin səfərinin qarşılıqlı şübhələri azaldan, gələcək siyasi və iqtisadi əməkdaşlıq üçün platforma yaradan proses olduğunu vurğulayıb:

"İran XİN başçısının Bakıya səfəri iki ölkənin münasibətlərində konstruktiv mərhələni, xüsusilə də İran Prezidenti Pezeşkianın Azərbaycan-İran münasibətləri ilə bağlı konstruktiv mövqeyini canlandırması mümkündür. Əgər İran Azərbaycan maraqları nəzərə alınmaqla praktik əməkdaşlıq istiqamətində siyasi iradə nümayiş etdirərəsə bu, həm regional sabitlik, həm də qarşılıqlı iqtisadi inkişaf üçün yeni imkanlar açacaq".