Politolq: KTMT Rusiyanın patronajı altında fəaliyyət göstərən hərbi ittifaqdır

"Həm ŞƏT-də, həm də MDB-də KTMT-yə daxil olmayan ölkələr var və onların Rusiya ilə hərbi ittifaqda yer almağa hazır olduqları heç də inandırıcı görünmür"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ən yaxın tərəfdaşları olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ilə daha sıx əməkdaşlıq etmək qərarına gəlib.

Bu barədə KTMT baş katibinin müavini Valeri Semerikov bildirib. KTMT rəsmisi qeyd edib ki, üç təşkilatın baş katibləri əməkdaşlıq memorandumu imzalayıblar. Semerakov 2026-cı ildə Rusiyanın sədrliyi dövründə bu məsələni aktivləşdirəcəklərini vurğulayıb.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) profil baxımından bir-birinə yaxın görünsələr də, bu qurumlar arasında kifayət qədər ciddi fərqlərin mövcud olduğunu söyləyib:

"KTMT Rusiyanın patronajı altında fəaliyyət göstərən hərbi ittifaqdır və nəzəri cəhətdən özünü NATO-ya alternativ kimi təqdim etməyə çalışır. Digər iki qurum isə daha çox siyasi xarakterli əməkdaşlıq formatı təsiri bağışlayır. Xüsusilə ŞƏT-də iqtisadi məsələlər ön plana çıxır. Bu səbəbdən, bu təşkilatlar arasında tam və dərin inteqrasiya ehtimalının yüksək olduğunu demək çətindir. Bununla belə, görünən odur ki, Rusiya özünə yaxın ölkələri və qurumları daha sıx şəkildə bir araya gətirmək niyyətindədir. Hazırda Rusiyanın ətrafında mərkəzdənqaçma prosesinin davam etməsi Kremldə ciddi narahatlıq yaradır. Bu üç qurumu əməkdaşlıq məkanında bir araya gətirməklə Rusiya, böyük ehtimalla, Qərbə qarşı daha genişmiqyaslı müqavimət koalisiyası formalaşdırmaq istəyir. Lakin bunu açıq şəkildə bəyan edə bilmədiyi üçün proses üç qurumun baş katiblərinin imzaladığı memorandum üzərindən həyata keçirilir. Bu addım Rusiyanın uzaq gedən planlarının ilkin əlaməti kimi qiymətləndirilə bilər. Bununla belə, bu təşəbbüsün real nəticə verib-verməyəcəyi sual altındadır. Çünki həm ŞƏT-də, həm də MDB-də KTMT-yə daxil olmayan ölkələr var və onların Rusiya ilə hərbi ittifaqda yer almağa hazır olduqları heç də inandırıcı görünmür. Məsələn, Azərbaycanın KTMT-yə münasibəti bəllidir və ölkənin bu quruma qoşulmaq niyyəti yoxdur". 

Politoloq Kremlin bu üç qurumu vahid mərkəzə doğru yönəltməyə və sonradan onlara hərbi-siyasi koalisiya görüntüsü verməyə çalışarsa, bunun Azərbaycanın MDB-dən uzaqlaşması ilə nəticələnə biləcəyinə diqqət çəkib: 

"Hazırkı şəraitdə rəsmi Bakının belə bir hərbi ittifaqda yer almağa maraq göstərməsi real görünmür. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hər hansı geosiyasi qütbə xüsusi üstünlük vermir. Rəsmi Bakı çoxşaxəli, qarşılıqlı maraqlara əsaslanan xarici siyasət xəttinə sadiqdir. Bu baxımdan, Rusiyanın atdığı addım digər ölkələrin mövqelərinə də təsir göstərə bilər. İmzalanmış memorandumun isə yaxın zamanda daha dərin inteqrasiyaya çevriləcəyi o qədər də inandırıcı görünmür".