“Sabiq baş nazir İrakli Qaribaşvilinin həbs olunması komandamız üçün mənəvi baxımdan ağır hadisədir”.
24News.ge xəbər verir ki, bu sözləri Parlamentin vitse-spikeri Gia Volski Qaribaşvilinin həbsi ilə bağlı münasibət bildirərkən deyib.
Volskinin sözlərinə görə, Bidzina İvanişvili üçün də Qaribaşvilinin siyasətə qayıdarkən əsas götürdüyü prinsiplərə zidd addımlar ata biləcəyini təsəvvür etmək çətin olub:
“İrakliyə və onun ailəsinə münasibətim hər zaman səmimi və dostyana olub. Onunla çoxsaylı işgüzar söhbətlərimiz olub, müsbət inkişafları xatırlayıram. Mənim üçün bu, şəxsi faciədir, komanda üçün də faciədir. Əgər bu cinayət mövcuddursa və o, bunu etiraf edibsə, bu, müəyyən mənada təqdirəlayiqdir. Lakin cinayətin özü olduqca ağırdır. Hüquqi qiymətləndirməni məhkəmə verəcək, amma mənəvi baxımdan bunu eşitmək və qəbul etmək çətindir”, – deyə Volski bildirib.
Qeyd edək ki, İrakli Qaribaşvili külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunub. Prokurorluq sabiq baş nazir ilə prosessual razılaşma imzalayıb. Razılaşmaya əsasən, Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib və ona 1 milyon lari məbləğində cərimə kəsilib.