
Qərarı ali dini lider verir: İranın nüvə çalışmaları Pezeşkianın əlindən alındı
Sanksiyalar İsrailin İrana yeni zərbələrini aktuallaşdırır
"Avropa üçlüyü" - Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranı çətin vəziyyətə salacaq
İran və AB ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə yaxın idilər, lakin ABŞ müdaxilə etdi və Vaşinqtonun təzyiqi ilə Avropa ölkələri geri çəkildi. Bunu İran Prezidenti Məsud Pezeşkian deyib. O bildirib ki, Nyu-Yorkda avropalılarla “snapback” (avtomatik sanksiya mexanizmi) haqqında danışanda razılığa olduqca yaxın olublar: "Lakin sonra onlar amerikalılarla danışıblar və bəhanələr axtararaq fikirlərini dəyişdilər". İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani deyib ki, hər cür vəziyyətə hazırdırlar: "İsraillilərin hərəkətə keçəcək qədər ağılsız davranacaqlarına inanmıram. Lakin İrana hücum etsələr, cavabımız güclü olacaq". Rusiya xarici işlər naziri Sergey Lavrov İrana yeni hücumlarla bağlı xəbərdarlıq edib: "Sizin vaxtaşırı yazdığınız, siyasi analitiklərin qeyd etdikləri İrana qarşı yeni zərbələr təhlükəsi hələ də davam edir. Bəzi mənbələrin verdiyi məlumata görə, zərbələr praktiki müstəvidə də müzakirə olunur. Bütün bunlar həm hərbi təhdidlər, həm də İranı iqtisadi cəhətdən boğmağa yönəlmiş tədbirlər kimi koordinasiyalı şəkildə həyata keçirilir".
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, "Avropa üçlüyü" - Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranı çətin vəziyyətə salacaq. Ekspertin fikrincə, Avropa ölkələri ABŞ-dən fərqli olaraq nüvə məsələsində Tehranla razılaşmanın əldə olunmasına çalışırdılar. Vaşinqton isə sanksiyaların sərtləşdirilməsinin tərəfdarı idi:

"Tehran Avropa ölkələrini nüvə çalışmalarını davam etdirmədiyinə inandıra bilmədi. Bunun nəticəsi olaraq Avropa üçlüyü ABŞ və İsrailin İrana qarşı sanksiyaların tətbiqi siyasətinə qoşulmuş oldu. Avropa üçlüyünün qərarı İran Prezidenti Məsud Pezeşkianın siyasətinə zərbədir. O çalışırdı ki, İrana qarşı sanksiyalar ortadan qaldırılsın və ölkəsi Qərb ölkələri ilə ticarət əlaqələrini bərpa etsin. Ancaq bu mümkün olmadı. Bunun əsas səbəbi İrandakı mühafizəkar qrupun siyasəti ilə bağlıdır. İran Prezidenti ABŞ və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq istəyərkən, mühafizəkarlar Məsud Pezeşkianın bu siyasətini qəbul etmədilər. Məsud Pezeşkian nüvə məsələsində söz sahibi deyil. İranda nüvə çalışmaları və uranın zənginləşdirilməsi ali dini lideri və SEPAH generallarının səlahiyyəti çərçivəsindədir. Prezident onların qərarlarına təsir edə bilmir. İran Konstitusiyası da buna imkan vermir".
E.Şahinoğlu vurğulayıb ki, İranın ali dini lideri Əli Xameneyi ABŞ ilə danışıqların nəticə verməyəcəyini, bu danışıqları davam etdirməyin əhəmiyyətsiz olduğunu deyib:
"Bu, ali dini liderin ölkə Prezidentinə də mesajıdır ki, Vaşinqton və Brüssellə nüvə məsələsiylə bağlı danışıqları davam etdirməsin. Ali dini lider və SEPAH generalları nüvə çalışmalarından imtina etməyənə qədər İrana qarşı sanksiyalar yumşalmayacaq. Qərbdə Məsud Pezeşkianın “biz nüvə silahı əldə etmək istəmirik” çağırışlarına inanmırlar. Çünki İranda bununla bağlı qərarı başqaları verir. Halbuki, İranın uranı zənginləşdirmək siyasətindən İran xalqı əziyyət çəkir. İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir edir, sosial vəziyyət ağırlaşır, inflyasiya dərinləşir, bundan ən çox sadə iranlılar əziyyət çəkir. İran həmçinin əsas gəlir mənbəyi olan neftini satmaqda çətinlik çəkir. ABŞ və Avropa dövlətlərinin İrana qarşı sanksiyaları davam etdirməsi İsrailin İrana qarşı növbəti dəfə raket zərbələrini aktuallaşdıra bilər. İsrail hökuməti İranın nüvə çalışmalarını davam etdirdiyini bəhanə edərək bu ölkəyə yenidən zərbə vura bilər. Halbuki, bu, problemin həlli deyil. Əksinə, İsrailin İrana hücumları İranda mühafizəkarların mövqeyini gücləndirir".
Analitik xatırladıb ki, İran parlamentinin 71 üzvünün ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər edilməsini tələb ediblər:
"Onlar nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini istəyiblər. Beləliklə, İranın mühafizəkar deputatları nüvə silahı əldə edilməsini lazım bilirlər. Halbuki, İran rəsmiləri və din xadimləri əvvəllər deyirdilər ki, nüvə silahı İslama ziddir və Tehran nüvə silahı əldə etmək istəmir. Qərbdə əvvəl də bu deyilənlərə inanmırdılar. Pakistan İslam Respublikasıdır, ancaq nüvə silahı var. İslam Respublikası olan İran da nüvə silahının əldə edilməsi barədə planlar qurur".