Regional təhlükəsizlik məsələsi prioritetdir: Pezeşkianın Bakıya səfərindən sonra yeni mərhələ başlayacaq

İran-Azərbaycan münasibətlərinin gələcəyi haqqında pozitiv elementlər görünür
İran Prezidenti Məsud Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi Azərbaycana gəlib. Prezident İlham Əliyev aprelin 1-də Mehdi Sənayini qəbul edib. Qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib. Ölkəmizə daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu deyib. Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib. Dövlət başçısı da öz növbəsində Azərbaycanın və İranın ortaq dəyərləri bölüşdüyünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirib. Prezident İlham Əliyev Mehdi Sənayinin Azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib. Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub. Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Mehdi Sənayinin səfər çərçivəsində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub. Mehdi Sənayi Prezidentin köməkçisi Hikmət Hacıyevlə də görüşüb. Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb. Həmçinin, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib. Qeyd olunub ki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gələcək. Yüksək səviyyəli səfər aprel ayında gerçəkləşəcək. 
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Məsud Pezeşkianın seçki öncəsi və sonrasında sərgilədiyi mövqeyə nəzər salsaq, İran-Azərbaycan münasibətlərinin gələcəyi haqqında da pozitiv elementləri görərik. Professorun sözlərinə görə, Pezeşkian, ümumiyyətlə, İranın region ölkələri, dünya dövlətləri ilə konstruktiv münasibətlərinin inkişaf etdirilməsində, təmasların sıxlaşdırılmasında maraqlı olduğunu bildirmişdi:
 "Pezeşkian Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir neçə dəfə dilə gətirib. O baxımdan Pezeşkianın xarici məsələlər üzrə müşaviri Mehdi Sənayinin Bakıda səfərdə olması və ölkə Prezidenti tərəfindən qəbul edilməsi gələcəkdə daha sıx təmaslar üçün ilkin təsəvvürləri formalaşdırır. M.Sənayinin gəlişi həm də Pezeşkianın Azərbaycana səfərinə hazırlıq məqsədi daşıyır. Azərbaycan qonşu dövlətlərlə, dünya ölkələri ilə təmasların daim inkişaf etdirilməsində, siyasi münasibətlərin dinamikliyində maraqlıdır. Bəzi məqamları çıxmaq şərti ilə ümumən İran və Azərbaycan arasında hər zaman sıx iqtisadi əlaqələr olub. Münasibətlər hər zaman qorunub saxlanılıb. İran Azərbaycana qonşu ölkədir, kifayət qədər böyük sərhədimiz var. Qonşu ölkə ilə sıx iqtisadi əməkdaşlıq Azərbaycan üçün vacibdir. Nəzərə alaq ki, hər iki ölkə həm də müasir dövrdə vacib əhəmiyyət kəsb edən nəqliyyat-logistika layihələrinin iştirakçısıdır. Şimal-Cənub nəqliyyat dəhlizi hər iki dövlət üçün mühüm perspektiv vəd edir. İki ölkə arasında birgə layihələr mövcuddur. Rəşt-Astara dəmiryolunun inşası da əlavə əməkdaşlıq üçün zəmin yaradır". 
E.Mirbəşiroğlu vurğulayıb ki, bu gün İran və Azərbaycan üçün regional təhlükəsizlik məsələsi olduqca vacib elementdir: 
"Düşünürəm ki, Azərbaycan və İran arasında müzakirə olunacaq məsələlər kifayət qədər çoxdur. Pezeşkianın Azərbaycana səfərindən sonra ikili münasibətlər yeni mərhələyə keçə bilər. Artıq bunun ilkin əlamətlərini gördük. Mərhum Prezident İ.Rəisi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında görüşdən sonra iki ölkə əlaqəsinin dinamik inkişafından danışılmağa başlanmışdı. Prosesin davamı Pezeşkianın Azərbaycana səfərindən sonra müşahidə olunacaq".