Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərin möhkəmlənməsini dəstəkləyən şəxsləri təqib etməsi qəbuledilməzdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova həftəlik brifinqdə bildirib.
"Bu təqiblər əksinə, ölkənin suverenliyinə təhlükə yaradan Avropa İttifaqı ilə yaxınlaşma çağırışlarını edən şəxslərə qarşı aparılmalı idi, Rusiya tərəfdarlarına yox",- o qeyd edib.
M. Zaxarova deyib ki, Gümrü şəhərinin rəhbəri Vardan Qukasyanın həbsinə səbəb onun Rusiya və Belarus tərəfdarı olmasıdır:
"Bu hadisə Rusiya cəmiyyətində, xüsusilə Rusiya-Ermənistan əlaqələrini izləyən insanlar arasında ciddi narahatlıq doğurub".
Diplomat vurğulayıb ki, Qukasyana qarşı siyasi ittihamlar ləğv edilsə də, ənənəvi müttəfiqə münasibətləri müdafiə etdiyinə görə cinayət işi açılması absurd bir haldır:
"Rusiya Ermənistanın suveren, müstəqil və inkişaf edən bir dövlət olmasını hər zaman dəstəkləyib. Avropa ölkələrindən gələn çağırışlar Ermənistanda daxili işlərə müdaxilə kimi qiymətləndirilir, lakin heç vaxt qanuni tədbirlər görülmür. Halbuki Avropa İttifaqına inteqrasiya çağırışları suverenliyin müəyyən hissəsindən imtina ilə bağlıdır və bu, Ermənistan Cinayət Məcəlləsinin birinci maddəsi ilə tənzimlənir".