“Bu il beynəlxalq görüşlər nəticəsində ümumi dəyəri 70 milyard dollardan çox olan ticarət müqavilələri imzalanıb”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı bildirib ki, Qazaxıstan qonşuları və bütün maraqlı dövlətlərlə ardıcıl olaraq dostluq münasibətləri və hərtərəfli əməkdaşlıq qurub:
“Məqsədimiz aydındır: bu, ölkənin suverenliyini möhkəmləndirmək, Qazaxıstanın təhlükəsizliyi və sosial-iqtisadi inkişafını təmin edən problemləri həll etməkdir. Hər bir zirvə, hər bir yüksək səviyyəli görüş və biznes forumu ölkəmizin beynəlxalq nüfuzunu artırır və iqtisadi potensialını gücləndirir”.
Kasım-Jomart Tokayev qeyd edib ki, hazırda dünyada investisiya qoyuluşu uğrunda şiddətli rəqabət mövcuddur:
“Biz bundan kənarda qala bilmərik. Biz Mərkəzi Asiyada və Qafqaz regionunda ən böyük iqtisadiyyatıq. Hökumətin üzərinə keyfiyyətli artımı təmin etmək vəzifəsi düşür. Hökumət və Milli Bank mövcud mürəkkəb və hətta müstəsna hallarda akademik və pedantik yanaşmalardan azad olan konkret qərarlar barədə razılığa gəlməlidirlər.
Təkcə bu il beynəlxalq görüşlər nəticəsində ümumi dəyəri 70 milyard dollardan çox olan ticarət müqavilələri imzalanıb. Bunun sayəsində ölkəmizdə müasir müəssisələr açılır və keyfiyyətli iş yerləri yaradılır”.