Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu

Türkiyənin Nevşehir şəhər polisinin qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı keçirdiyi əməliyyatlar zamanı 119 nəfər saxlanılıb.

Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, saxlanılan şəxslərdən 90 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nevşehir prokurorluğunun apardığı istintaq zamanı müəyyən edilib ki, şübhəlilər Avanos rayonundakı əyləncə məkanlarından biri və Adanadakı bəzi şəxslərlə əlaqəli şəkildə fəaliyyət göstəriblər. Onların komissiya müqabilində bank hesablarına dair məlumatlar topladıqları, qanunsuz mərc fəaliyyətindən gəlir əldə etdikləri və həmin vəsaitləri kriptovalyuta birjaları və zərgərlər vasitəsilə yuduqları bildirilib. Altı zərgərin də cinayət yolu ilə əldə olunan gəlirlərin yuyulmasında iştirak etdiyi müəyyənləşdirilib.

Şübhəlilərin yaratdıqları şirkətlərin bank hesablarında təxminən 20 milyard lirə olduğu aşkarlanıb. Bununla əlaqədar noyabrın 3-də Nevşehir də daxil olmaqla 34 vilayətdə əməliyyatlar keçirilib.

800-dən çox polis əməkdaşının iştirak etdiyi əməliyyatlar zamanı 119 şübhəli saxlanılıb. Axtarışlar zamanı altı qanunsuz tapança, iki qanunsuz tüfəng, bir qılınc, çoxlu sayda patron, müxtəlif şəxslərə məxsus bank kartları və rəqəmsal materiallar aşkar edilərək götürülüb.