106 yaşlı britaniyalı qadın uzunömürlülüyün iki sirrini açıqlayıb

Böyük Britaniyada Uokinq şəhərində qocalar evində yaşayan 106 yaşlı Joan Klark uzunömürlü olmağın sirlərini bölüşüb. Sherg.az xəbər verir ki, bu barədə "Voking News and Mail" nəşri məlumat yayıb.

3 dekabr 1919-cu ildə Şeffilddə anadan olan Joan Klark İkinci Dünya müharibəsi, monarxların tacqoyma mərasimləri, insanın Aya enməsi, pandemiya və sürətli texnoloji inkişaflar da daxil olmaqla bir çox tarixi hadisələrin şahidi olub. O, həyatının müxtəlif dövrlərində silah istehsalı zavodunda, mağazalarda və ofis işlərində çalışıb.

Qadının sözlərinə görə, uzun və xoşbəxt həyatın cəmi iki sirri var:

“Əlimizdə olanlara şükür etmək, çatışmayanlara yox, sahib olduqlarımıza diqqət yetirmək və hər zaman xeyirxah olmaq.”

106 yaşında olmasına baxmayaraq, Joan Klark kitab oxumağı, musiqi dinləməyi, əl işləri və gül kompozisiyaları hazırlamağı sevir. O, heyvanları da çox sevir, xüsusilə Qasper adlı atını.

Qeyd edək ki, bu yaxınlarda Braziliyadan olan 113 yaşlı João Marinyo Netu da uzunömürlülüyün sirrini açıqlayıb. Ginnesin Rekordlar Kitabına düşən Netunun sözlərinə görə, ömrünü yaxşı insanların əhatəsində keçirməsi onun uzun yaşamasının əsas səbəbidir.