Vaqif Qarayev: "Koronavirus müharibədən heç də az dəhşətli deyil"
Koronavirus insan dərisində 9 saat yaşayır. «Sherg.az» «Le Figaro.fr”ə istinadən xəbər verir ki, bu barədə yaponiyalı tədqiqatçıların «Clinical Infectious Diseases» qəzetində dərc olunan araşdırmasında qeyd olunur.
Bildirilir ki, qrip virusu isə dəridə 1, 8 saat qalır ki, bu da COVİD-19-la müqayisədə 5 dəfə az müddətdir. Alimlər çıxış yolu kimi, əllərin tez-tez yuyulmalı olduğunun zəruriliyini diqqətə çatdırıblar.
Onlar vurğulayıblar ki, «SARS-CoV-2» kimi COVİD-19-un da dəridə 9 saat qalması yoluxma riskini artırır, çünki belə olan halda virusun insandan insana keçmə riski daha yüksək olur.
Yaponiya alimlərinin tədqiqatlarının virusla mübarizədə nə dərəcədə təsirli ola biləcəyi barədə “Şərq”ə danışan pediatr Vaqif Qarayev qeyd etdi ki, “COVİD-19” virusunun səthlərdə yaşama müddəti ilə bağlı müxtəlif fikirlər var:
- Koronavirusun əşyalarda, dəridə, dəmir, taxta üzərində və sair səthlərdə yaşama müddəti ilə bağlı indiyədək müxtəlif mülahizələr səsləndirilib. Koronavirusa yoluxaraq dünyasını dəyişmiş insanlar xüsusi qayda ilə dəfn edilir və cənazələr ailə üzvlərinə, qohumlara verilmir. Bu, doğrudur. Çünki virus meyitin üzərində qalır. Virus ailə üzvlərinə, yaxın adamlara bulaşa bilər. Koronavirusun özü barədə də yanvar ayından bu günə kimi biri-birini təkzib edən mülahizələr söylənilir. Amma bütün mülahizələrdə əsas vurğulanan məsələ odur ki, biz insanlar özümüzü qoruya bilərik; karantin qaydalarına, sanitar-gigiyenik qaydalara əməl etsək.
Bu artıq tibbdə təsdiq olunmuş məsələdir ki, insan bədəninin ən çirkli əzası əllərdir. Əllərimiz gün ərzində min cür səthə toxunur. Əllərimizi hər yerə vururuq. Nəinki koronavirus bütün xəstəliklər, viruslar əllər vasitəsilə orqanizmə düşə bilər. Əllərimizi hara gəldi vururuq, sonra da üzümüzə, gözümüzə sürtürük, ağız-burun nahiyəsinə aparırıq.
Əllər maksimal yoluxma mənbəyidir. Ona görə də hamıya ciddi şəkildə, israrla məsləhət görülür ki, əllər tez-tez yuyulsun, lazım gəlmədikcə, zəruri ehtiyac yoxdursa, əlinizlə hardansa yapışmayın, əllərinizə “yiyəlik edin”. Dezinfeksiyaedici vasitələrdən tez-tez istifadə edin. Evə qayıtdıqda əllərinizi mütləq sabunla, bol su ilə yaxşıca yuyun.
Spirtləyin. Uşaqlarla əl təmasından çəkinin. Əlinizi üzünüzə, ağzınıza vurmayın. Bunlar adi sanitariya qaydalarıdır. Amma adi olduğu qədər də vacib və sağlamlığımızın keşiyində dayana bilən, bizi yoluxmadan qoruya biləcək, əlimizdə olan mümkün vasitələrdir. Bunları etməsək yoluxma riski artacaq.
Həkim son günlərdə COVİD-19-a yoluxma sayındakı artımdan narahat olduğunu bildirdi:
- Yoluxma dayanmadan artır. Bu, çox təhlükəlidir. Əvvəlcə bizim əhali koronavirusa səhlənkar yanaşdı, inanmadılar. Biz o vaxt da deyirdik ki, bizə inanmırsınız, inanmayın, amma dünyaya baxın!
Bu səhlənkarlığın nəticəsindən sonra yoluxma sayı artdı, gördülər ki, evlərində, ailədə, yaxın qohum-əqrəbada yoluxanlar var, xəstəxanalarda xəstə sayı artır, düşüncə tərzi dəyişdi, inandılar və başladılar qaydalara əməl etməyə. Nəticədə yoluxma sayı azaldı, hamımız sevindik.
Elə ki, yoluxma azaldı, yenə camaat arxayınlaşdı. Yenə qayda pozuntuları, gigiyenik şərtlərə əməl etməmək başladı, yoluxma yenə artdı. Birdəfəlik əhali anlasın ki, koronavirusla səhlənkar davranmaq olmaz. Bunun çox acı nəticələri ola bilər. Həkimlərimiz indi iki cəbhədə çalışır. Həm koronavirus cəbhəsində, həm də cəbhədə, ordumuzla birgə.
Yoluxma sayının artmasını görsək, həkimləri geri çağırmalı olacağıq. Bəs cəbhədəki yaralı əsgərlərimizi kimə tapşıracağıq? Əsgərlərimizə kim tibbi xidmət göstərəcək? Biz xəstəxanalarımızı əsgər və zabitlərimiz üçün saxlamalıyıq.
Küçədə, evdə, iş yerində səhlənkar davranıb özümüzü yoluxdurub xəstəxana çarpayılarını tutmamalıyıq. Koronavirus müharibədən heç də az dəhşətli deyil. İkisi də öldürür.
Müharibə də, virus da. Mən yenə insanlarımızdan xahiş edirəm, hətta yalvarıram, torpaqlarımızın xətrinə, Vətənimiz xətrinə, 30 ildir gözlədiyimiz qələbə xəbərləri xətrinə, əsgərlərimizin, şəhid balalarımızın xətrinə özümüzü qoruyaq.
Orduya faydamız yoxdursa, mane də olmayaq. Bizdən çox sadə, adi bir iş tələb olunur; tibbi maska taxmaq, kütləvi toplaşmamaq, əllərimizi dezinfeksiya etmək, harda ki, maska taxmaq tələb olunur, marketdə, avtobusda, ictimai yerlərdə, ondan istifadə etmək.