Büdcə ixtisarları və qlobal qeyri-müəyyənliklərə rəğmən, 2025-ci ildə elm dünyası insan sağlamlığını köklü şəkildə dəyişdirən mühüm nailiyyətlər əldə edib.
Sherg.az xəbər verir ki, qadın sağlamlığından genetik xəstəliklərə, HIV-dən xərçəngin qarşısının alınmasına qədər uzanan bu irəliləyişlər müasir tibbin istiqamətini yenidən formalaşdırdı.
2025-ci ilin səhiyyədə əsas 9 yeniliyi:
Menopozda inqilab - FDA hormon tərkibli olmayan yeni dərmanları (Lynkuet, Veozah) təsdiqlədi. Bu preparatlar isti basmaları hormon riski olmadan azaldır.
Uşaqlar üçün iynəsiz allergiya dərmanı - Epinefrinli burun spreyi (Neffy) anafilaksiya zamanı iynəsiz, sürətli müdaxilə imkanı yaratdı.
Rejenerativ tibbdə sıçrayış - Üzv bərpasının molekulyar mexanizmləri açıqlandı; kök hüceyrələrdən ürək yaması və sidik axarı toxuması əldə edildi.
CYBE-lərdə evdən diaqnostika - HPV və digər cinsi yolla keçən infeksiyalar üçün evdə sürətli testlər istifadəyə verildi.
Fərdiləşdirilmiş gen terapiyası -Tək bir körpə üçün xüsusi hazırlanmış CRISPR müalicəsi həyatı xilas etdi.
HIV-in qarşısının alınmasında ildə iki iynə - Lenakapavir ilə yoluxma demək olar ki, tam önləndi.
Peyvəndlərin əlavə qoruyucu təsiri – Zona və COVID-19 peyvəndlərinin infarkt, insult və hətta demensiya riskini azaltdığı aşkarlandı.
Mədəaltı vəzi xərçənginin önlənməsi ümidləri - FGFR2 zülalının bloklanması ilə xəstəliyin yaranmasının qarşısı alına bilər.
İnsan bədəninin ən geniş atlası - UK Biobank layihəsi erkən diaqnostika üçün misilsiz məlumat bazası yaratdı.
Bu nailiyyətlər 2025-ci ili səhiyyə tarixində ümid və dönüş ili kimi yadda saxladı.