Nonsens! - Xəstəxanalarda təzyiq ölçə bilməyən tibb bacıları var – Təmizlənsin!

“Səhiyyəmizdə adi kolleci bitirməyən, bir- iki ay kurs keçib, tibb bacısı kimi fəaliyyət göstərənlər çoxdur”

Şəmsiyyə Namazlı:“Çıxış yolunu tibb bacılarının işə qəbulu zamanı həkimlər kimi attestasiyadan keçməsində görürəm”


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda iştirak edib. Sədr hesab edir ki, ali təhsilli tibb bacılarına böyük ehtiyac var. Onun sözlərinə görə, bir-iki ildən sonra həmin şəxslər daha tez iş tapacaqlar, nəinki tibb ixtisasını bitirənlər:
“Məsləhət görərdim ki, tibb bacısı ixtisasını da qeyd etsinlər. Keçən il keçid balı 450-480 olub”.
Bəs ali təshsilli tibb bacıları ilə digərləri arasındakı fərqlər nələrdir ?

Sualı cavablandıran tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında  bildirib ki, həqiqətən də ali təhsilli tibb bacılarına ciddi şəkildə ehtiyac duyulur:

“Səhiyyəmizdə adi kolleci bitirməyən, bir - iki ay kurs keçib tibb bacısı kimi fəaliyyət göstərən şəxslər çoxdur. Onlar olduqca kobud səhvlərə yol verirlər. Adi elementin yazılış qaydalarını, insanın anatomik quruluşunu bilmirlər. Ən azından kolleclərdə anatomiya, farmakologiya keçirilir. Məleykə Abbaszadənin sözlərini təsdiqləyirəm və onu bu fikir səsləndirdiyi üçün alqışlayıram. Hətta gecikmiş bir fikirdir. Çünki əksər özəl klinikada yalnız iki-üç təhsili tibb bacısı görmək mümkündür. Diplomlarının olub-olmaması sual altındadır. Elementar təzyiq ölçmə, xəstə və həkim ilə münasibət və digər fəaliyyətlərinin səviyyəsi sıfır vəziyyətindədir".

Ş.Namazlı problemin çıxış yolunu tibb bacılarının işə qəbul zamanı həkimlər kimi attestasiyadan keçməsində görür:

“Bildiyim qədərilə bu qayda dövlət xəstəxanalarında mövcuddur. Amma özəl sektorda tibb bacılarının attestasiya məsələsi kölgədə qalıb. Öz təcrübələrimə əsasən deyə bilərəm ki, bəzi tibb bacılarının orta məktəb səviyyəsində anlayışı yoxdur. Kimyəvi elementlər 7- ci sinifdə keçirilir. 

Amma kalsium elementini düzgün yaza bilməyən tibb bacıları var. Dövlət xəstəxanlarında bu məsələyə nəzarət güclüdür. Amma özəl klinikalar tamamilə təmizlənməlidir. Bütün tibb bacıları sertifikasiyadan, attestasiyadan keçməlidir, diplomları yoxlanılmalıdır. 

Təbii ki, hamını nəzərdə tutmaq doğru olmaz, onların aralarında təcrübəli şəxslər də var. Amma ümumilikdə 80 faizi bu durumdadır. Burada insan həyatı müzakirə mövzusudur. Əgər yetərincə savad yoxdursa, bu şəxslər birmənalı olaraq uzaqlaşdırılmalıdır”.