Dərman vasitələri ilə bağlı dövlət proqramı hazırlanır

Bu proqram qəbul ediləndən sonra dərman vasitələri ilə bağlı problem aradan qalxacaq

Növbəti ildən bioloji aktiv maddələr qida əlavələrini həkimlərin təyin etməsi qadağan ediləcək

  Azərbaycanda dərman vasitələri ilə bağlı xüsusi dövlət proqramı hazırlanır. Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin plenar iclasında büdcə müzakirələri zamanı deyib. Ə.Əmiraslanov bildirib ki, bu gün əhali arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var: “Bunun da həllinə nail olmaq lazımdır. Məndə olan məlumata görə, dərman vasitələri ilə bağlı hökumət tərəfindən ciddi proqram hazırlanır. Əminəm ki, bu proqram qəbul ediləndən sonra dərman vasitələri ilə bağlı problem aradan qalxacaq. Belə sənədlərin hazırlanması zamanı Milli Məclisdə olan mütəxəssis deputatları da bu sahəyə cəlb etmək lazımdır. Bunun da proqramın effektivliyinə xeyri olar”. 

  Terapevt-hepatoloq, Rusiya Təbiətşünaslıq Akademiyasının tibb üzrə məsləhətçisi, Türkiyə Qaraciyər Araşdırma Dərnəyinin üzvü Sevindik Arazov “Şərq”ə açıqlamasında dərman vasitələri ilə bağlı hökumət tərəfindən xüsusi proqram hazırlanmasının bu sahədəki problemlərin həllinə yardım edəcəyini dedi: 

- Qiymət siyasəti ilə bağlı bir söz deyə bilmərəm, lakin dərman preparatlarının ölkəyə gətirilməsi və satışının təşkilinə ciddi nəzarət olmalıdır. Ölkəyə gətirilən hər bir dərman preparatı Səhiyyə Nazirliyinin müvafiq orqanı tərəfindən yoxlamadan keçirilir, xüsusi cihazlar, avadanlıqlar vasitəsilə yoxlanır, sonra satışına icazə verilir. Bu proses bəzən 3-6 ay çəkə bilir. Dərman vasitəsinin tətbiqi, istifadə qaydaları Azərbaycan dilinə tərcümə olunur, içliklə birlikdə satışa çıxarılır. Çox nadir hallarda siz Azərbaycan dilində tərcüməsi verilməmiş içlikli dərman vasitəsi görə bilərsiniz. Son zamanlar buna ciddi əhəmiyyət verilir. Hesab edirəm ki, hazırlanan hökumət proqramında dərman vasitələrinin yoxlanılması üçün avadanlıqların təkmilləşməsinə ehtiyac olduğu əksini tapmalıdır və bunun üçün də SN-in müvafiq orqanı lazımi cihazlar və avadanlıqlarla təchiz edilməlidir. Bu, çox vacib məsələdir. Elə mükəmməl avadanlıqlar olmalıdır ki, dərman vasitəsinin tərkibinin içlikdə və ya qutunun üzərində yazılanla uyğunluğunu dəqiq yoxlaya bilsin. 

  Doktor son zamanlar bəzi dərman vasitələrinin, hətta adi yod məhlulunun da qıtlığını əhalinin maariflənmə səviyyəsinin aşağı olmasıyla izah etdi: 

- Əhali həkim məsləhətindən daha çox aptekdə işləyən “Xalidə”yə, qonşudakı “Gülsənəm nənə”yə inanır. Kimsə deyir ki, yod hansısa xəstəliyin müalicəsində istifadə edilir, əhali cumur apteklərə yod məhlulu almağa. Qonşu deyir ki, “Nimesil”lə “Teraflyu”nu qarışdırıb iç, xəstəliyin “xırp” kəsəcək. Amma aptekçi “Xalidə”, “Gülsənəm nənə” bu iki qarışığın qara ciyəri necə dağıtdığından xəbərsizdi. Sivil ölkələrdə kimsə gedib özbaşına aptekdən dərman almır. Dərman vasitəsini həkim təyin edir. Siz qardaş Türkiyədə aptekə gedib baş ağrısı dərmanı ala bilməzsiniz. Onu sizə satmayacaqlar, həkim resepti tələb edəcəklər. Bizdə isə vəziyyət belədir: aptekdə işləyənlər hətta həkimin yazdığı reseptə də “qulp” qoyurlar, başqa bir dərmanı məsləhət görürlər. “Bu, ondan yaxşıdı”. 

Son zamanlar mən də eşidirəm ki, əhali dərmanların keyfiyyətindən narazıdır. Deyirlər, “əvvəllər “Nimesil” içirdik, baş ağırısı tez kəsirdi, indi təsir etmir, dərmanın tərkibini dəyişiblər!”. Hansısa dərman vasitəsinin tərkibinin dəyişdirilməsi birbaşa cinayətdir. Buna kimsə cürət etməz. Dərman vasitəsi getdikcə təsirini ona görə itirir, çünki bu dərmanı orqanizm artıq tanıyır və ona gərəkən reaksiyanı verə bilmir artıq. Orqanizm o dərman vasitəsinə bir növ alışıqlı olur. Cəhaləti əhalinin özü yayır. 

  S.Arazov qeyd etdi ki, növbəti ildən bioloji aktiv maddələr – qida əlavələrini həkimlərin təyin etməsi qadağan ediləcək:

- Bu, çox gözəl iş olacaq. Avropada bioloji aktiv maddələr marketlərdə satılır, apteklərdə deyil. Onlar dərman preparatı deyillər. Növbəti ildən biz həkimlər bu bioloji aktiv maddələrdən – qida əlavələrindən azad ediləcəyik. Həkimlərə bu qeyri-dərmanları reseptlə təyin etməyə icazə verilməyəcək. Pasiyentin müalicəsi yalnız dərman preparatları ilə aparılmalıdır.