İnternet  50 yaşdan yuxarı kişilərə yaxşı təsir edir, depressiyanı azaldır

Sosial media və internetin uşaqlar və gənclərin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini iddia edən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, son araşdırmalar internetin 50 yaşdan yuxarı insanlar üçün əks təsir göstərdiyini də ortaya qoyub.

Elmi jurnallardan biri olan "Nature Human Behaviour"da dərc olunan tədqiqatın nəticələrinə əsasən, internetdən istifadənin 50 yaşdan yuxarı insanların həyat keyfiyyətini artırdığı və depressiya simptomlarını azaltdığı müşahidə edilib.

Bu genişmiqyaslı tədqiqat çərçivəsində 23 ölkədən 87 min 559 nəfərin 6 il ərzində internet istifadəsi vərdişləri izlənilib. Tədqiqatda iştirak edən şəxslərin internetdən istifadə tezliyi və istifadənin məqsədi araşdırılıb. İnternetdən istifadəyə yalnız sosial şəbəkələrdə vaxt keçirmək deyil, eyni zamanda, məlumat axtarmaq, elektron poçt göndərmək, onlayn alış-veriş etmək kimi fəaliyyətlər də daxil edilib.

Bu nəticələr həftədə bir dəfədən az internetə daxil olan iştirakçılar üçün də keçərli olub. Bundan başqa, ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdə internetdən daha tez-tez istifadə edən iştirakçılarda psixi sağlamlığı göstəricilərinin daha yüksək olduğu qeydə alınıb.

Tədqiqatın həmmüəllifi Qingpeng Zhang bu nəticələri belə izah edir: "Bu faydaların ölkələr arasında uyğunluq göstərməsi, internetin psixi sağlamlığını yaxşılaşdırmaq üçün qlobal səviyyədə təsirli vasitə olma potensialını nümayiş etdirir".

Tədqiqat göstərib ki, 65 yaşdan yuxarı, tənha yaşayan və sosial əlaqələri zəif olan şəxslər internetin müsbət təsirlərindən daha çox faydalanırlar. Bu şəxslər internet vasitəsilə sosial əlaqələr qurur, dostları və ailə üzvləri ilə ünsiyyətdə olur, yeni bacarıqlar öyrənir və ya öz maraq dairələrinə uyğun cəmiyyətlərə qoşulurlar.

Araşdırma internetin gənclərlə müqayisədə yaşlı insanlara fərqli təsir etdiyini üzə çıxarıb. Avstraliyanın Curtin Universitetindən, tədqiqatda iştirak etməyən Patrick Klarke, 50 yaşdan yuxarı insanların internetdəki mənfi təsirlərdən daha az təsirləndiyini bildirib:

"50 yaşdan yuxarı şəxslər, gənclər arasında yayılmış, özünü başqaları ilə müqayisə etmə və sosial təzyiqlərə məruz qalma dövrünü artıq geridə qoymuş olurlar. Bu yaş qrupundakı insanlar internetdən özlərini təsdiqlətmək məqsədilə deyil, dostları və ailəsi ilə əlaqə qurmaq, yeni biliklər əldə etmək və ya maraq dairələrinə uyğun mühitlərə qoşulmaq üçün istifadə etməyi üstün tuturlar.

Tədqiqatçılar hər nə qədər internetdən istifadənin müsbət təsirlərini vurğulasalar da, üz-üzə ünsiyyətin vacibliyini də diqqətə çatdırırlar. Böyük Britaniyanın Tənhalıq Araşdırmaları Mərkəzinin direktoru professor Andrea Viqfild bu barədə belə deyir:

"İnternet istifadəsini tamamilə eyni və dəyişməz təsir göstərən bir fenomen kimi görməməliyik. İnterneti uyğun və ölçülü şəkildə istifadə etdikdə, insanları bir-birinə bağlayan vasitəyə çevrilə bilər. Amma unutmayaq ki, tənhalığı azaltmaq üçün üz-üzə, mənalı qarşılıqlı əlaqələrin əvəzini verə bilməz".

Bu tədqiqat internetin müxtəlif yaş qruplarına fərqli təsir etdiyini ortaya qoyur. 50 yaşdan yuxarı insanlar üçün internet təkcə sosial əlaqə vasitəsi deyil, həm də psixi sağlamlığını yaxşılaşdıran bir alətə çevrilir. Lakin bu təsirlərin səbəb-nəticə əlaqəsi tam təsdiqlənməsə də, tədqiqatçılar bu yaş qrupundakı şəxslərin internet vasitəsilə tənhalıq hissindən qurtula bildiklərini düşünürlər. Bu tapıntılar internetin yalnız gənc nəslə deyil, həm də daha yaşlı istifadəçilərə müsbət təsir göstərə biləcəyini deyir. /publika.az