Ürək-damar sistemi xəstəliklərinin artması müşahidə edilir- Kardioloq

Gəncədə "Opel" markalı avtomobilin sürücüsü 1971-ci il təvəllüdlü Hafiz Məmmədov sükan arxasında infarkt keçirib.

 "Report" xəbər verir ki, bu zaman avtomobil maneəyə çırpılıb.

Sürücü avtomobildə infarktdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Kardioloq Şəmşir Vəliyev “Sherg.az”a bildirib ki, yalnız Azərbaycanda deyil, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbidir:
“Ürək xəstəliklərinin artmasının bir neçə əsas səbəbi var. Bunlar arasında genetik faktorlar, həyat tərzi və ətraf mühitin təsiri yer alır. Bu amillərin hər biri ürək xəstəliklərinin yaranmasına və yayılmasına səbəb ola bilər. Əvvəllər ürək xəstəliyi 50 yaşın üzərində idisə, hazırda bu xəstəliyə 30 və 40 yaşlarda rast gəlirik. Son zamanlar ürək-damar sistemi xəstəliklərinin artması müşahidə edilir. Xüsusən də 30-40 yaş arasında olan gənclərdə ürək xəstəliklərinə səbəb, energetik içkilər, tütün məhsulları, narkotik maddələrdən istifadə və qeyri-normal həyat rejimidir. Həmçinin bu saydığım zərərli vərdişlər ürək-damar sistemi xəstəliklərinə gətirib çıxarır. Ümumiyyətlə gənclərdə ən çox aritmiyalara rast gəlirik. Eyni zamanda tütün məhsullarından, narkotik maddələrdən istifadə arterial hipertaniya xəstəliyinə də gətirib çıxarır. Həkim olaraq tövsiyyə edirəm ki, bu saydığım zərərli vərdişlərdən uzaq dayanılsın və gənclərimiz aktiv idmanla məşğul olsunlar”.